Şriftin ölçüsü :

Saytın rəngi :

“Bütün vətəndaşları bir daha böyük məsuliyyətə və nizam-intizama çağırıram”.

11 iyun 2020 | 16:00

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 9 iyun 2020-ci il tarixində Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı çıxışında karantin tədbirləri ilə bağlı bildirmişdir ki, Azərbaycan vətəndaşları koronavirus pandemiyası ilə bağlı bizim bütün addımlarımızı dəstəkləyirlər. Halbuki aydın məsələdir ki, pandemiya insanların normal həyat tərzinə təsir edib, mənfi təsir edib. İnsanlar öyrəşdikləri həyat tərzindən müəyyən dərəcədə uzaqlaşıblar. Məhdudiyyətlər var, eyni zamanda, artıq yeni məhdudiyyətlər də ortaya qoyulur. Ancaq Azərbaycan vətəndaşları bilirlər ki, bu məhdudiyyətlərin əsas səbəbi insanları qorumaqdır.

Koronavirus pandemiyası başlayandan  bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik.

Bizim əsas vəzifəmiz insanları bu xəstəlikdən qorumaqdır, onların həyatını xilas etməkdir. Əlbəttə ki, itkilərimiz də olub, amma bəzi ölkələrlə müqayisədə Azərbaycandakı vəziyyət qat-qat yaxşıdır. Bu, onu göstərir ki, düşünülmüş siyasət, xalqla iqtidar arasında birlik, dövlətin addımlarına yüksək inam olan yerdə nəticə də olur.

Qabaqlayıcı bütün tədbirlər elə görülüb ki, biz ən çətin vəziyyətə hazır olaq. Bu məqsədlə yeni laboratoriyalar alınıbdır. Dövlət başçısı bildirib ki, hazırda laboratoriyaların sayı 20-dən çoxdur. Koronavirus xəstələrini müalicə etmək üçün bizim ən qabaqcıl xəstəxanalar ayrılıb, onlara təqdim edilib, o cümlədən “Yeni klinika” - bizim ən gözəl, ən müasir xəstəxanamız və digər xəstəxanalar. Bu xəstəxanaların sayı 20-dən çoxdur. Eyni zamanda, hesab edirəm ki, karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb.

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Dövlət başçısı vurğulayıb ki, dünya praktikası tam başqadır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də məhz odur ki, yoluxmuş bütün xəstələr tibbi müəssisələrə qəbul edilir və onlara lazımi xidmət göstərilir.

Ölkəmizdə modul tipli üç xəstəxana açılır. Bu xəstəxanalarda koronavirus xəstələri müalicə olunacaq və beləliklə, koronavirusla bağlı mübarizədə növbəti önəmli addım atılır. mayın 7-də açılış mərasimində qeyd etdim ki, bu xəstəxanaların sayı 10-a çatmalıdır. Ümid edirəm ki, yaxın gələcəkdə - təxminən ayın sonuna qədər qalan 6 xəstəxana da istifadəyə veriləcəkdir. Beləliklə, bizim əlavə iki min çarpayımız olacaqdır və bu, koronavirusla bağlı mübarizədə imkanlarımızı daha da genişləndirəcək.

Pandemoyaya qarşı mübarizədə xəstəxanaların 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərində yük bir qədər azalır. Özəl sektorun nümayəndələrinə və eyni zamanda, adi vətəndaşlara koronavirus dövründə göstərdikləri maliyyə dəstəyinə görə təşəkkürümü bildirmək istəyirəm. Dövlət başçısı vurğulayıb ki, mənim təşəbbüsümlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Ona görə mən özəl sektorun bu işlərdə fəal rolunu dəstəkləyirəm.

Karantin şəraitində qalan vətəndaşlar üçün də dünya miqyasında Azərbaycanda xüsusi şərait yaradılıb. Çünki onlar 4-5 ulduzlu otellərdə, eyni zamanda, Atletlər Kəndində yerləşdirilir və karantin rejimində olan ən çox insan Atletlər Kəndində yerləşdirilibdir. Minlərlə insan xaricdən təxliyə edilib və bu proses davam etdirilir, təbii ki, qrafik üzrə. Orada da bütün işlər mütəşəkkil qaydada görülməlidir.

Xaricdə qalan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımız üçün  xüsusi portal yaradılıb. Vətəndaşlar o portalda qeydiyyatdan keçirlər, növbəlilik prinsipi əsasında dövlət hesabına ölkəmizə gətirilirlər. Yəni, bütün şərait yaradılıb ki, Azərbaycan vətəndaşları dövlət tərəfindən qayğı ilə, diqqətlə əhatə olunsun. Hesab edirəm ki, bu günə qədər görülmüş işlər və işlərin nəticələri məhz bu siyasətin təzahürünü əks etdirir. Təsadüfi deyil ki, beynəlxalq aləmdə Azərbaycanın koronavirusla bağlı mübarizə metodları təqdirlə qarşılanır. Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanı bu sahədə nümunəvi ölkə adlandırıb, özü də bir neçə dəfə.

Pandemiyaya mübarizədə həkimlər ön xəttədir və tibbi personal dövlətin qayğısını hiss edir, onlar bu çətin günlərdə vətəndaşlarımızın sağlamlığı üçün çalışırlar. Dövlət başçısı çıxışında mən də bir daha bütün həkimlərə minnətdarlığımı bildirmək istəyirəm. Onlar öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır.

Azərbaycan koronavirus pandemiyasına qarşı sadəcə regionda öndə gələn dövlət deyil, eyni zamanda inkişaf etmiş bir sıra dövlətlərdən daha hazırlıqlıdır. Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma ən düzgün, ən humanist yanaşmadır. Hər bir yoluxmuş insana tibbi xidmət göstərilir və bu istiqamətdə əlavə addımlar atılacaq.

Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə edilərək qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Biz müşahidə edirik ki, vətəndaşlar son günlər tibbi maskalardan daha çox istifadə edirlər. Bir daha demək istəyirəm ki, bu, qapalı şəraitdə mütləqdir. Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir - ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində.

Azərbaycan cəmiyyəti pandemiyaya qarşı mübarizədə əsasən qayda və qanunlara əməl edir, sağlamlıqlarını qoruyur.

Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycanın təklifləri diqqətə alınır. İndiyə qədər bu məqsədlə Azərbaycanın təşəbbüsü ilə videokonfrans formatında bir neçə beynəlxalq tədbirlər keçirilib.

Bu çətin şəraitdə Azərbaycan sadəcə öz problemlərini həll etmir, eyni zamanda baıqa dövlətlərə də yardım edir. Dünya birliyi vahid mövqedən çıxış etməlidir. Azərbaycan dövləti fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərib. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib.

Keçidlər