Ucar rayonunda bir sıra təhsil müəssisələri istifadəyə verilib
Sentyabrın 15-də Ucar rayonunda da bir sıra təhsil müəssisələri istifadəyə verilib. Onlardan biri də Ucar rayonu, Qarabörk kənd tam orta məktəbinin yeni binasıdır.
Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovla birgə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sonra məktəbin yeni binası ilə tanışlıq olub. Bildirilib ki, məktəbin 1978-ci ildə tikilmiş köhnə binası ötən müddətdə yarasız hala düşmüşdü. Heydər Əliyev Fondu tərəfindən 2019-cu ildə 420 şagird yerlik məktəb binasının yenidən tikintisinə başlanılıb. Yeni tədris ilində istifadəyə verilən məktəb binası 2 mərtəbə və 3 korpusdan ibarətdir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz edilib.
420 şagird yerlik ikimərtəbəli məktəb binasında 16 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, bufet, akt və idman zalları, həmçinin açıq idman meydançası da var.
Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
Həmin gün Ucar şəhər 6 saylı körpələr evi–uşaq bağçasının binasının da açılışı olub. Bildirilib ki, Ucar şəhər 6 saylı körpələr evi–uşaq bağçası 1954-cü ildən fəaliyyət göstərir. Bina istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni körpələr evi–uşaq bağçası tikilib. İkimərtəbəli, 80 yerlik körpələr evi–uşaq bağçasında uşaqlar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, mətbəx, yeməkxana, tibb otağı və digər inzibati və texniki otaqlar var.
Bağçanın həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları quraşdırılıb.
Xatırladaq ki, Azərbaycanda hazırda 4500-ə qədər məktəb var. Son 17 ildə bütövlükdə Azərbaycanda 3700-ə qədər məktəb tikilib və əsaslı şəkildə təmir edilib. Bundan başqa, son 2-3 il ərzində kiçik kəndlərdə modul tipli məktəblərin inşasına da start verilib. Bu il modul tipli 60 məktəbin tikintisinə başlanılıb. Bu il yeni dərs ili yeni şəraitdə, pandemiya dövründə başlayır. Mövcud vəziyyət nəzərə alınaraq, 2020-2021-ci tədris ili yeni formatda təşkil edilir.