Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına bildirmişdir ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub.
Birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşlar.
Atəşi ilk açan Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi.
Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir.
Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.
Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir.
Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub.
Azərbaycan həmişə sülh planına sadiq olub.
Ermənistan həmişə münaqişənin sülh yolu ilə həllinə qarşı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub.
İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
Azərbaycan nə qədər çox müdafiə olunursa, daha çox əraziləri azad edir.
Azərbaycanın kifayət qədər silah-sursatı, müasir silahları var və onları döyüş meydanında nümayiş etdirir.
Azərbaycanın məhv etdiyi və qənimət kimi götürdüyü sursatın dəyəri 2,7 milyard dollardır. Bu pul haradan gəlir? Ermənistan kasıb ölkədir, büdcəsi 2 milyard dollardan azdır, xarici borcu isə 8 milyard dollardır.
Şəhərləri bir-birinin ardınca işğaldan azad edən və milli bayrağımızı ucaldan Azərbaycan ordusunun döyüşçüləridir.
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən oktyabrın 31-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı Baş Prokurorluğun məlumatında qeyd olunduğu kimi, 91 nəfər mülki şəxs həlak olub, 404 nəfər isə xəsarət alıb, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 2465 ev, 97 çoxmənzilli yaşayış binası və 455 mülki obyekt yararsız vəziyyətə düşüb.
ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər.
Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi.
Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib.
Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilməyib.
ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb.
Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.
Azərbaycan ədaləti bərpa edir və BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edir.
Azərbaycan istənilən halda torpaqlarını azad edəcək.
Bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
Yeddi rayon Azərbaycana qaytarılmalıdır. Ermənilər heç vaxt bu rayonlarda yaşamayıblar.
Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması oraya qayıtmalıdır.
Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb.
Mərhələli həll planına əsasən, birinci mərhələdə boşaldılması nəzərdə tutulan beş rayon işğaldan azad edilib. Ona görə də həmin plan köhnəlmiş sayılır.
Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır, bu, asan olmasa da, biz öyrənməliyik.
Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə hər hansı üçüncü ölkənin cəlb olunmasını istəmir.
Ermənistanla Azərbaycan arasında olan döyüşdən hər kəs uzaqda durmalıdır.
Dağlıq Qarabağ Azərbaycan torpağıdır, beynəlxalq səviyyədə tanınan ərazimizdir.
Avropa ölkələrinin beynəlxalq hüquqla tanınan əraziləri onlar üçün nə qədər mühümdürsə, Dağlıq Qarabağ da Azərbaycan üçün o qədər mühümdür.
Dağlıq Qarabağın azad olunması ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir.
Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir.
Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq.
Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir.
Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib.
Azərbaycanın pandemiya dövründə də iqtisadi göstəriciləri normaldır. İqtisadiyyatımız cəmi 3,9 faiz azalıb. Azərbaycanın konvertasiya oluna bilən valyuta ehtiyatları xarici borcundan 6 dəfə çoxdur. İqtisadi göstəricilər regionda ən yaxşıdır, sosial göstəricilər Avropanın bəzi ölkələrindən belə yaxşıdır.
Azərbaycanda ciddi daxili problemlər yoxdur.
Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir.
Özlərini demokratiya nümunəsi kimi göstərən ölkələrdə etirazçıları qətlə yetirirlər.
Avropada etirazçıları atlarla döyür, itləri gətirir və bu, demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb .
“Euronews" fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınır.
Azərbaycan arsenalında olan İsrail dronlarına arxayın olaraq müharibəyə başlamayıb. Bu dronlar əvvəldən də var idi. Sadəcə, bu dəfə təxribatın miqyası böyük idi və Ermənistan hələ də hücumu dayandırmadığından atəşkəs əldə olunmur.
“Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Azərbaycanın kaset bombalardan istifadə etməsi haqda iddiası yalandır. Ordumuzun yetirincə müasir silahları var və belə bir əlavə silaha ehtiyacı yoxdur.
Dağlıq Qarabağın azad olunması sərvətlərə görə deyil, tarixi və hüquqi ədaləti bərpa etmək üçündür. Bu, Avropa dövlətlərinin öz hüquqi ərazilərinə sahib çıxması ilə müqayisə edilə bilər.
Azərbaycanlılar etnik təmizləməyə məruz qalmışlar. Ermənistan Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal edəndə 750 min azərbaycanlı etnik təmizləməyə məruz qaldı. Ordu işğal olunmuş ərazilərimiz azad etdikdən sonra bir milyona köçkün öz yurd-yuvasına qayıdacaq.
Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmamışdır və bunu indi də etməyi planlaşdırmır.
Şuşada kilsənin məqsədyönlü vurulması xəbəri yalandır, bunu ermənilərin özünü etməsi də istisna deyil. Bakıda erməni kilsəsi və kitabxanası hifz olunur, işğal olunmuş rayonlarımızda isə onlar məscidləri təhqir edirlər.
Sülh təbliğinə görə Azərbaycanda həbslər haqda heç bir real fakt yoxdur, şayiədir.
Döyüş meydanında heç bir xarici döyüşçü yoxdur. Bakıda görünən xaricililər sadəcə turist və ya birgə hərbi təlimlərdə iştirak edənlər ola bilər.