Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidimiz Namiq Qarayevin doğum günü münasibətilə ailə üzvləri ziyarət edildi

21 aprel 2021 | 16:00

21 aprel 2021-ci il tarixdə YAP Ucar rayon təşkilatının fəalları, Ucar rayon İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Qazıqumlaq bələdiyyəsinin üzvlərinin iştirakı ilə 21 aprel 1979-cu ildə rayonun Qazıqumlaq kəndində anadan olmuş, 01 oktyabr 2020-ci ildə Kəlbəcər rayonunda şəhid olmuş, 21 dekabr 2020-ci ildə Qazıqumlaq kənd qəbiristanlığında dəfn olunmuş Şəmkir korpusunda MAXE Qarayev Namiq Qarakişi oğlunun doğum günü münasibətilə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuşdur.

Ucar Came məscidinin axundu Hacı Elnur, Ağdaş Regional Mədəniyyət İdarəsinin Ucar rayonu üzrə nümayəndəsi Alı Babayev, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışlarında qeyd etdilər ki, Vətən müharibəsində öz həyatlarını torpaqlarımızın azad olunması uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır.

Daha sonra ziyarət iştirakçıları şəhidin evində ailə üzvləri ilə görüşmüşlər.

Namiq Qarayev ailədə 4 qardaş, 3 bacı arasında sonuncu övlad olub.

Qazıqumlaq kənd 1 saylı orta məktəbi bitirmişdir.

09 oktyabr 1997--24 iyul 1999-cu illərdə Azərbaycan Ordusunun əsgəri olaraq Gədəbəy rayonunda xidmət etmişdir.

Atası Qarakişi Qarayev 28 sentyabr 2002-ci ildə vəfat etdikdən sonra Yevlax Dəmir yolu stansiyasında atasının yerinə işə götürülmüş və işləmişdir.

18 oktyabr 2001-ci ildə həmkəndlisi Günel xanımla ailə qurmuşdur. 11 avqust 2002-ci il təvəllüdlü qız övladının atası idi.

Həyatda hər işi axarında getsə də hərbiyə olan sevgi və istək onu rahat qoymurdu. 17 iyul 2017-ci ildə Şəmkir korpusunda MAXE işinə qəbul olunur.

Xidmətinin 3 il 2 ay 13-cü günündə - ömrünün 41 yaş 5 ay 10-cu günündə ŞƏHİDLİK ZİRVƏSİNƏ ucalan el oğullarından oldu.

Cənnətdə ilk doğum günün mübarək ŞƏHİDİM!

Keçidlər