Millət vəkili Jalə Əliyeva Ucar rayonundan olan seçiciləri ilə onlayn görüşü keçirib.
Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Ucar rayonunun deputatı olduğu Bərgüşad, Lək və Xələc kəndlərində pandemiya şəraitində növbəti aylıq onlayn görüşünü keçirib. Görüşdə hər üç kənddən qəbul üçün ay ərzində deputata və köməkçisinə müraciət edən vətəndaşlar iştirak ediblər. Əvvəlcə Bərgüşad kəndindən vətəndaşlar qəbul edilib. Müraciətlər əsasən Bərgüşad kəndinin elektrik xəttinin yenilənməsi, kəndi rayona bağlayan və bərbad vəziyyətdə olan yolun təmiri, kəndin içməli su və həyətyanı sahələrin suvarılması problemi, eyni zamanda Bərgüşad kənd Mədəniyyət evinin bərpası ilə bağlı olaraq millət vəkili Jalə Əliyevanın Milli Məclisdə davamlı olaraq səsləndirdiyi təkliflər, əlaqədar təşkilatlara, o cümlədən Nazirlər Kabinetinə etdiyi yazılı və şifahi müraciətlər üçün minnətdarlıqlarını bildiriblər. Seçicilər, problemlərin qismən həll edildiyini, belə ki, kəndin müəyyən hissəsində su probleminin aradan qalxdığını, elektrik xəttinin bir qisminin təmir edildiyini, lakin işlərin yarımçıq qaldığını bildiriblər. Eyni zamanda işlərin davam etdirilməsi və həllini gözləyən digər məsələlərin plana salınması, xüsusilə yay aylarında su probleminin daha da qabaracağını nəzərə alaraq, işlərin sürətləndirilməsi üçün köməklik göstərməsini deputatdan xahiş ediblər.
Daha sonra Lək və Xələc kəndindən qəbula yazılanlarla videoqəbul keçirilib. Qəbulda Lək kəndinin yarımçıq qalmış qaz xəttinin çəkilişinin davam etdirilməsinə, əkinə yararlı su və içməli su problemlərini həllinə köməklik göstərməsini istəyiblər. Xələc kəndində isə əkin sahələrinin suvarılması üçün su motoruna ehtiyac olduğunu bildiriblər. Qəbulda hər üç kənddən fərdi xarakterli müraciətlər də olub. Bunlar əsasən işlə təmin, ordudan tərxis olunma ilə bağlı məsələləri əhatə edib. Jalə Əliyeva, qaldırılan bütün məsələlərlə bağlı olaraq bu günə qədər etdiyi müraciətlərin davamı kimi, bir daha seçicilərinin yazılı müraciəti əsasında təkliflərini respublika səviyyəsində əlaqədar qurumlara göndərəcəyini bildirmişdir.
Qəbullarda hər üç kəndin inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və kənd bələdiyyə sədrləri iştirak ediblər. Qəbullar yüksək əhval-ruhiyyədə, səmimi, vətəndaşların məmnunluğu şəraitində keçib.
.