Şriftin ölçüsü :

Saytın rəngi :

05 oktyabr – Müəllim günü qeyd olunmuşdur

05 oktyabr 2021 | 16:00

05 oktyabr 2021-ci il tarixdə Heydər Əliyev Mərkəzində “05 oktyabr – Müəllimlər günü” rayonun pedaqoji kollektivlərinin nümayəndələrinin bir qrupunun iştirakı ilə pandemiya qaydalarına riayət edilməklə qeyd olunmuşdur.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon mərkəzindəki abidəsinin önünə tər çiçəklər qoydular.

Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla qeyd olundu.

Ucar rayon Təhsil şöbəsinin müdiri Rauf Məmmədov rayonun pedaqoji kollektivlərinin qarşısında duran vəzifələr haqqında məlumat verdi.

Ucar rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov pedaqoji kollektivlərin qarşısında duran vəzifələr istiqamətində çıxış edərək bildirdi ki, müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən gözəl peşədir.

Bu şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar.

Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlərlə bərabər müəllimlərin də üzərinə böyük vəzifələr düşür.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Müstəqil Azərbaycanımızın memarı Ümummilli lider Heydər Əliyev müəllim əməyinə yüksək qiymət verərək demişdir: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyə, hamımızın rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir. Müəllim adı dünyada ən yüksək addır. Şəxsən mən yer üzündə müəllim adından yüksək ad tanımıram”.

Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müəllim əməyini qiymətləndirərək demişdir: “Müəllim Azərbaycanda ən hörmətli insandır. Müəllimlər hər bir cəmiyyətin elitasıdır”.

Ucar müəllimlərinin zəhmətinin bəhrəsi olaraq ildən-ilə ali məktəblərə qəbul olunmuş, həmçinin 600-dən yuxarı bal toplayan məzunlarımızın sayı artmışdır.

Rayonumuzun bütün müəllimlərini 5 oktyabr–Müəllimlər günü münasibətilə səmimi qəlbdən təbrik edir, yeni-yeni nailiyyətlər arzulayıram.

Bir qrup təhsil işçilərinə Ucar rayon İcra Hakimiyyəti Başçısının və rayon Təhsil şöbəsinin Fəxri Fərmanları və hədiyyələri təqdim olundu.

Keçidlər