“Ölkəmizi tanıyaq” devizi altında Ucar məktəbliləri İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyada
Avqustun 28-də Ucar rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup 5 nəfər bələdçinin müşayiəti ilə İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyaya yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiya çərçivəsində reallaşan bu səfərdə yolasalma təntənəli mərasimlə qeyd olunub. Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərlərinin, təhsil şöbəsi işçilərinin, valideyinlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə məktəblilər ilk öncə ümummilli liderin abidəsi önünə gələrək heykəlin qarşısına təzə-tər çiçəklər qoymuş, Ulu Öndərə öz ehtiramlarını bildirmişlər.
Ucar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbil Mehdiyev öz çıxışında yay tətili günlərində məktəblilərin asudə vaxtlarının nəinki səmərəli keçməsi, habelə tur-aksiyanın ölkəmizin ayrı-ayrı bölgələrini tanımaq baxımından əhəmiyyətli olduğunu, bu səfərin maarifləndirici xarakter daşıdığını, “Tur-aksiyalar Azərbaycanı gəzmək, onun təbiətini, tarixini, bu günkü inkişafını öyrənməkdə məktəblilər üçün çox faydalı olduğunu söyləmişdi.
Unutmaq olmaz ki, vətənini lazımınca tanımayan insan üçün əsl vətənpərvər olmaq çətindir. Ölkə başçısının tur-aksiyalarla bağlı tapşırığı, həm də sırf maarifləndirici xarakter daşıyır. Şübhə yoxdur ki, İsmayıllı, Qəbələ, Şəki rayonlarına 4 günlük səfəriniz bu baxımdan sizlər üçün çox faydalı olacaq.”
Təntənəli mərasimdən sonra Ucar məktəbliləri onlar üçün ayrılmış xüsusi avtobusla İsmayıllı rayonuna yola düşdülər.