Xocalı soyqırımının 30-cu ildönümü qeyd olundu
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Ucar rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı müasir şəhərçikdə rayonda yaşayan Xocalılarla görüş keçirilmışdır.
Görüşdə Ucar Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər.
Çoxsaylı tarixi sənədlər şahidlik edir ki, 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə Qafqazda öz ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalan azərbaycanlılar ermənilər tərəfindən kütləvi surətdə qətlə yetirilərək, dədə-baba torpaqlarından deportasiya olunmuşlar.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. 1275 nəfər dinc sakin girov götürüldü. Onlardan 155 nəfərinin taleyi bu gün də məlum deyildir. Faciə nəticəsində 487 dinc sakin müxtəlif dərəcəli güllə yarası alaraq şikəst oldu. Qətlə yetirilənlərin 106 nəfəri qadın, 63 nəfəri azyaşlı uşaq, 70 nəfəri qocalar idi. Şikəst olanların 76 nəfəri yetkinlik yaşına çatmamış oğlan və qızlardır.
Bu hərbi-siyasi cinayət nəticəsində 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Şəhid olanlardan 56 nəfəri xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırılmış, başlarının dərisi soyulmuş, başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarnı süngü ilə deşik-deşik edilmişdir.
Həmin günlər faciədən qurtulmuş Xocalı sakinləri respublikamızın müxtəlif bölgələrinə üz tutmuş, o cümlədən onlardan bir qrupu rayonumuza pənah gətirərək rayonun Qazyan və Xələc kəndlərində məskunlaşmışdır.
Rayon ərazisində yaşayan məcburi köçkünlər o, cümlədən Xocalıdan olan ailələr də 2019-cu ili dekabr ayında rayonda salınmış şəhərciyə köçürülmüşlər.
Hazırda rayonumuzda olan Xocalı ailələrinin sayı 17, onların üzvlərinin sayı isə 54 nəfərdir.
Bu gün Xocalı faciəsi respublikamızın hər yerində, eləcə də dünyanın müxtəlif yerlərində qeyd olunur, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilir.
44 gün ərzində davam edən Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və ordumuzun qəhrəmanlığı ilə Qarabağın işğaldan azad olunması nəticəsində Xocalıda soyqırıma məruz qalmış həmvətənlərimizin qisası alındı.
Azərbaycan Ordusu parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilmiş, 2008-ci ildən isə bu fəaliyyət Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət almışdır.
Hazırda Xocalı soyqırımı bir sıra ölkələr tərəfindən tanınmış və faciəyə beynəlxalq siyasi qiymət verilmişdir. Xocalı soyqırımına hüquqi qiymət verilməli və bu dəhşətli faciəni törədənlər öz layiqli cəzalarını almalıdırlar. Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq.