Ucar rayonunda 31 Mart Azərbaycanlıların soyqırımı günü anıldı
31 mart 2022-ci il tarixində Ucar rayon Şəhidlər xiyabanı ziyarət olunmuşdur. Ucar rayonu İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri 31 Mart – Azərbaycanlıların soyqırımı günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarların üzərinə tər çiçəklər qoyulmuş, ruhlarına dualar oxunmuşdur.
Martın 31-i Azərbaycanın tarixində unudulmaz bir gündür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı qırğın törətmişdilər.
Hər bir millətin tarixində faciələr, qırğınlarla dolu səhifələr mövcuddur, lakin xalq o zaman gələcəyə inamla irəliləyir, o zaman qüdrətli, güclü olur ki, Ulu Öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarix hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Zaman-zaman soyqırımına məruz qalmış bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik.