“Məişət zorakılığına məruz qalmış uşaq və gənclərin müdafiəsi” layihəsi Ucar rayonunda baş tutdu
Məişət zorakılığı, o cümlədən uşaqlara qarşı məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə, Azərbaycanda 2010-cu ildə “Məişət Zorakılığının qarşısının alınması” haqqında qanun qəbul edilib. Bununla yanaşı, məişət zorakılığına məruz qalan uşaqların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirilir. 2011-ci ildə qəbul edilən “Sosial xidmət haqda” Azərbaycan Respublikası qanunun tətbiqi sayəsində məişət zorakılığından əziyyət çəkən şəxslərə sosial, tibbi, hüquqi və psixoloji yardımın göstərilməsi məqsədilə icma əsaslı xidmətlərin yaradılması daha geniş vüsət almağa başlamışdır. Belə ki, 2011-ci ilin avqust ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyinin Uşaq müdafiəsi və De-institusionalizasiya idarəsi, İnsan Hüquqları üzrə Müvəkkilin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Bakıda “Zorakılıq və Cinayət Qurbanı olmuş Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzi” yaradılmışdır. Fəaliyyət göstərdiyi üç il ərzində mərkəzdə zorakılıq və cinayətin qurbanı olmuş 250-dən çox uşaq reabilitasiyaya cəlb edilmişdir. Reabilitasiya keçən uşaqların 65%-dən çoxu məhz məişət zorakılığından zərər çəkmişdir.
Regionlarda zorakılıq qurbanı olan uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Ucar Rayon İcra Hakimiyyəti və Ucar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Ucar rayonunda “Məişət zorakılığının qurbanı olmuş uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilmişdir. Yaradılmış mərkəz cinsi, fiziki, psixoloji və emosional zorakılıq, habelə etinasızlıqla üzləşmiş, istismar, o cümlədən, əməyin istismarı, fahişəlik və pornoqrafiya ilə bağlı fəaliyyətlərə sövq və ya məcbur edilmiş, işgəncə, kobud və alçaldıcı rəftar və məcburi yerdəyişməyə məruz qalmış və valideynləri və ya digər ailə üzvlərinin itkisindən psixoloji sarsıntı keçirmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcəkdir.
2015-ci ilin mart ayınadək davam edəcək bu layihə çərçivəsində Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Ucar, Şirvan, Ağdaş, Bərdə, Göyçay, Hacıqabul, Kürdəmir, Yevlax və Zərdab rayonlarının müvafiq dövlət qurumlarının nümayəndələri üçün məişət zorakılığının profilaktikası və zorakılığa məruz qalmış uşaq və gənclərlə sosial, psixoloji və hüquqi yardım işinin təşkilinə dair təlim kurslarının təşkili də nəzərdə tutulub.