"Elektron Hökumət" üzrə ixtisasartırma kurslarında 21 İcra Hakimiyyəti nümayəndəsi iştirak edib
Məlumat Hesablama Mərkəzinin nüməyəndə heyəti 03.11.2014-07.11.2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında aparılan "Elektron Hökumət" ixtisasartırma kurslarında mühazirəçi qismində iştirak etmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə 21 İcra Hakimiyyəti nümayəndələrinə, Ucar rayonundan da RİH-nin İnormasiya Təminatı və Təhlil sektorunun aparıcı məsləhətçisi Zəka Soltanovun iştirak etdiyi "Elektron Hökumət" istiqamətində konkret proqram əsasında təlimlər keçirilib. Təlimlərin birinci günündə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini cənab Elmir Vəlizadə "Azərbaycanda İKT və informasiya cəmiyyətinin quruculuğu" mövzusu üzrə çıxış etdi.
Sonrakı üç gün ərzində MHM-in nümayəndələri Elektron Hökumət, onun infrastrukturu, formalaşdırılması və inkişaf mərhələləri, beynəlxalq təcrübə, inkişaf göstəriciləri, gələcək perspektivlər, mobil hökumət, e-imza, dövlət reyestrləri və s. üzrə prezentasiya əsasında ətraflı məlumat verdilər. Həmçinin, "Elektron Hökumət" portalı (www.e-gov.az) və E-imza (www.e-imza.az) saytları üzrə sual-cavab şəklində açıq müzakirələr aparıldı. Dinləyicilərə pulsuz e-imza verilməsi üçün xüsusi kuponlar paylanıldı və e-imzanın onlayn sifariş mərhələləri əyani şəkildə izah edildi. Təlimin növbəti günlərində kurs dinləyicilərinə e-imza kartları, kart oxuyucular hədiyyə edildi və Elektron Hökumət Bülletenləri paylanıldı. "Elektron Hökumət" portalında olan e-xidmətlər əyani şəkildə test edilərək iştirakçılara nümayiş etdirildi. Təlimlərin son günündə isə iştirakçılara "Elektron imza" infrastrukturu barədə prezentasiya üzrə geniş məlumat verildi.
Təlimlərin əsas məqsədi regionlar üzrə İcra Hakimiyyəti nümayəndələrinə "Elektron Hökumət" infrastrukturu, e-xidmətlər barədə ətraflı informasiya vermək və praktiki bacarıqların aşılanmasıdır. Təlimin əsas gözləntiləri "Elektron Hökumət"-in inkişaf yolunda vətəndaşlara bələdçilik edə biləcək kadrların hazırlanması, həmçinin, "Elektron Hökumət" infrastrukturunun sistemli şəkildə genişləndirilməsinin əsas meyarı olan istifadəçi marağını formalaşdırmaqdır.