“Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi
YAP-nın yaranmasının 22-ci ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi
Yeni Azərbaycan Partiyası siyasi səhnəyə XX əsrin 90-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi şəraitdə gəlmişdir. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Yeni Azərbaycan Partiyası qısa bir müddətə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirə bilmiş, ümumxalq partiyası olmaq istiqamətində uğurlu addımlar atmışdır. Yeni Azərbaycan Partiyasının yaranmasının ildönümləri hər il rayonumuzda yüksək səviyyədə qeyd edilir və müxtəlif tədbirlər keçirilir.
14 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində YAP-nın yaranmasının 22-ci ildönümü münasibətilə rayonun idarə, müəssisə və təşkilatları arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə rayon birinciliyi keçirildi.
Tədbirin açılış mərasimində çıxış edən Gənclər və İdman İdarəsinin rəisi Əhliman İbrahimov respublikamızda ənənə halını alan “Xəmsə” Milli intellektual oyununun təşkilatlar arasında keçirilməsinin yaxşı hal olduğunu qeyd etdi və yarış iştirakçılarına uğurlar arzu etdi. Sonra Ucar rayonu İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdiri, YAP-nın rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxış edərək YAP-nın təşəbbüsü ilə rayonumuzda keçirilən tədbirlər silsiləsinin davam etməsi və “Xəmsə” oyunun da bu prosesə xüsusi bir rəng qatdığını vurğulayaraq komandalara müvəffəqiyyətlər arzu etdi.
Rayon birinciliyində təşkilatlardan olan 7 komanda (Rayon İcra Hakimiyyətinin “Lider”, Təhsil şöbəsinin “Təhsil”, Polis şöbəsinin “Turan”, Statistika idarəsinin “Statistiklər”, Mədəniyyət şöbəsinin “İncəsənət-2014” və Gənclik Akademiyası İctimai Birliyinin “Young boys”) iştirak etdi.
Komandalar A və B qruplarında mübarizə apardılar və qruplarda 1 və 2-ci yerləri tutmuş komandalar finalda qarşılaşdılar.
Final görüşündən sonra 1-ci yerə “Təhsil” , 2-ci yerə “Statistiklər”, 3-cü yerə “İncəsənət -2014”, 4-cü yerə isə “Lider” komandaları layiq görüldülər.
Yarışmadan sonra YAP-nın sədri Şəhla Abdullayeva qalibləri təbrik edərək, onlara diplom və qiymətli hədiyyələr təqdim etdi.
Sonda qalib gələn komandalarla Ümummilli lider Heydər Əliyevin abidəsi önündə xatirə şəkli çəkildi.