MƏİŞƏT ZORAKILIĞINA MƏRUZ QALMIŞ UŞAQ VƏ GƏNCLƏR ÜÇÜN REGİONAL SOSİAL REABİLİTASİYA MƏRKƏZİ”NİN RƏSMİ AÇILIŞ MƏRASİMİ
Regionlarda zorakılıq qurbanı olmuş uşaqların sosial, psixoloji və hüquqi reabilitasiyasını təmin etmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı, Ucar rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən mərkəzi aran rayonlarını əhatə etməklə Ucar rayonunda “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi” təsis edilmişdir. Mərkəzdə təcrübəli sosial işçilər, psixoloq, hüquqşünas, pedaqoq fəaliyyət göstərəcəkdir.
Ucar rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin inzibati binasında 2 otaq icarəyə götürməklə yeni yaradılmış “Məişət zorakılığına məruz qalmış uşaq və gənclər üçün Regional Sosial Reabilitasiya Mərkəzi”nin rəsmi açılış mərasimi 18 noyabr 2014-cü il tarixdə saat 14:00-da keçirildi.
Açılış mərasimi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, İnsan Hüquqları üzrə Müvəkkili Aparatının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, YUNİCEF və KİV nümayəndələrinin, Ümidli Gələcək Gənclər Təşkilatının icraçı direktoru xanım Kəmalə Aşumova, Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının iştirakı ilə baş tutdu.
Təcrübəli psixoloq, hüquqşünas, pedaqoq və sosial işçilərin fəaliyyət göstərəcəyi mərkəz müxtəlif zorakılıq halları ilə üzləşmiş uşaq və gəncləri, habelə onların ailələrini sosial, psixoloji və hüquqi xidmətlərlə təmin edəcək. Gələcəkdə mərkəzdə müvəqqəti sığınacağın yaradılması da nəzərdə tutulub ki, buraya müxtəlif növ zorakılıq və cinayətin qurbanı olmuş və ya risk altındakı 5-18 yaşlarında uşaqlar qəbul ediləcək.