Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyi keçirildi
Ölkəmizdə Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyi münasibətilə keçirilən “Uşaq Hüquqları aylığı” çərçivəsində Ucar rayonunda növbəti tədbir keçirilib. Heydər Əliyev Mərkəzində təşkil olunan ədəbi-bədii tədbir uşaqların bilik və bacarıqlarının, istedadlarının nümayişinə çevrilib.
Uşaq hüquqları aylığı çərçivəsində Ucar rayonundakı Heydər Əliyev Mərkəzində ədəbi-bədii və musiqili kompozisiya nümayiş olunub. Rayon İcra strukturları rəhbərlərinin, təhsil müəssisələri nümayəndələrinin iştirak etdikləri tədbirdən öncə İcra Hakimiyyəti Başçısının müavini Şəhla Abdullayeva bildirir ki, Uşaq hüquqlarının qorunması və təşviqi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər görülüb, sosial-iqtisadi və hüquqi islahatlar aparılıb. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq hər il 20 oktyabr - 20 noyabr tarixlərində Uşaq hüquqları aylığının keçirilməsi körpələrə diqqətin artırılmasına xidmət edir. Bu məqsədlə Ucar rayonunun təlim-tərbiyə müəssisələrində müxtəlif tədbirlər, dəyərli masalar, treninq seminarlar keçirilir, maarifləndirici görüşlər, müsabiqə və sərgilər təşkil olunur.
Sonra səhnə Ucar rayonunun körpələr evində və məktəblərində təlim-tərbiyə alan istedadlı uşaqlara verilib. Bir-birini əvəz edən poeziya nümunələri, mahnılar, xor kollektivinin çıxışı iştirakçılarda xoş əhval ruhiyyə yaradıb.
Fidan balaların hazırladıqları “Doğma yurdum Azərbaycanım” adlı ədəbi-bədii və musiqili kompozisiya uşaqların bilik və bacarıqlarının, istedadlarının və vətənpərvərlik hisslərinin nümayişinə çevrilib. Səhnəyə gətirilən üç rəngli milli bayrağımız tədbir iştirakçılarına dövlət rəmzlərinə hörmət və ehtiram ruhu aşılayıb.