3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Ucarda tədbir keçirildi
3 dekabr Beynəlxalq Əlillər Günü münasibəti ilə Ucarda keçirilən toplantıda rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov bu kateqoriyadan olan soydaşlarımıza göstərilən dövlət qayğısından söz açıb. Məlumat verib ki, Ucarda ümumən 4331 nəfər əlil yaşayır. Onlardan 106 nəfəri Qarabağ müharibəsi və 114 nəfəri hərbi xidmət əlilidir. Ümumi səbəbdən əlil olanların sayı isə 3599 nəfərdir. Son 10 ildə 7 nəfər Qarabağ müharibəsi əlilinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən fərdi ev tikilib. 37 nəfər əlilə minik maşını verilib. Bir neçə il öncə Qarabağ əlilləri və şəhid ailələri üçün 32 mənzilli yaşayış evi istifadəyə verilib. Yaxın aylarda isə 36 mənzilli yaşayış evinin tikintisinə başlanacaq. Bütün əlillərin sosial problemlərinin həlli, müayinə və müalicələri diqqət mərkəzində saxlanılır deyən rayon rəhbəri bildirib ki, cari ildə bu kateqoriyadan olan sakinlərə 20 min manatdan yuxarı maddi yardım göstərilib.
Toplantıda Qarabağ müharibəsi əlilləri, Şəhid ailələri və veteranları ictimai birliyi Ucar şöbəsinin sədri Rahib Rəsulov göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib.
Sonda əlillərə hədiyyələr təqdim olunub.