Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə elmi-praktik konfrans keçirildi

08 dekabr 2014 | 16:00

08  dekabr 2014-cü  il  tarixdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının 11-ci ildönümü münasibətilə Ucar rayonunun Heydər Əliyev Mərkəzində elmi-praktik konfrans keçirilmişdir.
     Konfransı giriş sözü ilə rayon İcra Hakimiyyətinin Başçısı Yaşar Məmmədov açaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyət, görkəmli siyasət və dövlət xadimi olmasından,  gördükləri böyük işlərindən danışmışdır.
    İcra başçısı qeyd etmişdir ki, bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.
    Ömrünün və həyatının mənasını doğma millətinə həsr etməkdə görən, xalqını və dövlətini ağ günlərə çıxarmaq üçün yorulmadan fəaliyyət göstərən Heydər Əliyevin vəfatından 11 il keçir. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
    Tarixi bəsirət, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara-zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Nəhəng siyasətçi Heydər Əliyev kimi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdliyi ilə ətrafdakıları heyrətləndirirdi.
   Keşməkeşli həyat yolu keçmiş Heydər Əliyev hansı vəzifədə işləməsindən asılı olmayaraq daim xalqını düşünmüş, onun problemlərinin həlli yolunda prinsipiallıqla mübarizə aparmışdır.
   Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Kiçik bir ölkə            Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. 1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev siyasət aləmində çox güclü, səriştəli və təcrübəli müdrik dövlət xadimi kimi qısa bir müddət ərzində xarici siyasət sahəsində böyük dönüş yaratdı.
   Dünyanın aparıcı dövlətləri, inkişaf etmiş ölkələri, beynəlxalq təşkilatlar Azərbaycana ciddi diqqət yetirməyə başladılar. O, Qərbə inteqrasiya yolunu tutdu. Ən çətin anlarda belə Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
  Azərbaycanlı olmağı ilə daim fəxr edən ulu öndər respublikada ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra da azərbaycan dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparmış, Azərbaycan tarixinin dərindən öyrənilməsini bütün gənc nəslə tövsiyə etmiş, ölkənin çiçəklənməsi və onun dünya ölkələri sırasında layiqli yerini tutması üçün hər cür çətinliyə sinə gərmişdir.
  Azərbaycan xalqının ümummilli lideri yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə daim sadiq qalan böyük şəxsiyyət idi. O, Azərbaycan tarixində bəlkə də yeganə siyasət adamıdır ki, onun fəaliyyəti yalnız konkret sahələri əhatə etmir, həm də ümummilli və qlobal əhəmiyyətli problemlərin aradan qaldırılmasına xidmət edir. Onun xalq işinə sədaqəti, siyasi müdrikliyi, böyük dövlətçilik təcrübəsi, parlaq hafizəsi, geniş dünyagörüşü, polad iradəsi, həssas qəlbi, möhkəm səbri, ədalətli olması, həmişə obyektiv mövqe tutması, sadə davranışı, heyrətamiz enerjisi-bir dövlət başçısı kimi onun ən yüksək keyfiyyətləri idi.
   Dünyanın ən böyük azərbaycanlısı, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
   Tədbirin sonunda bir neçə nəfərin çıxışı dinlənilmişdir. Heydər Əliyevin Azərbaycan tarixinin 1969-1982-ci illər dövrü haqqında şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi Ülkər İsmayılova, Heydər Əliyevin Azərbaycan tarixinin 1993-2003-cü illər dövrü haqqında Çiyni kənd tam orta məktəbin direktor müavini Anar Misirov, Qaracallı kənd 1 saylı tam orta məktəbin ədəbiyyat müəllimi Nərmin Məmmədova da Ulu Öndərin Azərbaycan xalqının yaddaşında tarixi şəxsiyyət kimi qalmasından danışmışdır.

Keçidlər