Ucarlılar Novruz adətlərinə uyğun olaraq bayram tədbiri keçirdilər
17 mart 2015-ci il tarixdə Ucarlılar Novruz adətlərinə uyğun olaraq bayram tədbiri keçirdilər. Heydər Əliyev meydanına toplaşan minlərlə ucarlını icra hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı yaranmış Novruz bayramı tarixin bütün dövrlərində dostluq, barışıq, təbiətin oyanışı, yazın gəlişi və yeniləşmə rəmzi kimi insanlar da saf niyyətlər, xoş arzular yaradıb. Əsrlər boyu yadelli qüvvələr Novruz adətlərini unutdurmağa, milli mənəvi dəyərlərimizə zərbə vurmağa çalışsalar da bəd niyyətlərinə nail ola bilməyiblər. Tarixi müstəqilliyinə qovuşan xalqımız digər böyük adət-ənənələrinə sahib çıxdığı kimi bu müqəddəs bayramını da daima uca tutub. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə artıq illərdir ki, bahar bayramı dövlət səviyyəsində qeyd edilir. Bayram şənliyində icra hakimiyyətinin başçısı sosial problemlərin həllindən, həyata keçiriləcək mühüm layihələrdən də danışıb. Meydanda bahar tonqalı alovlandırılıb. Atlı çaparlar 3 rəngli bayraqımızla birgə meydana daxil olaraq yurdumuza baharın gəlişini müjdələyiblər. Dədə-Qorqudla Bahar qız xalqımıza bol ruzi, əminamanlıq arzulayıblar. Keçəl və kosanın məzəli oyunları, idmançıların çıxışları, baharı tərənnüm edən poeziya nümunələri və digər novruz adətlərinin icrası şənliyi daha da yadda qalan edib. Meydan boyu müxtəlif kəndlərdən gəlmiş sakinlər yuxa, qutab, aş, şəkərbura və paxlava bişiriblər. Məktəblilərin və uşaq baxçalarında təlim tərbiyə alan körpələrin əl işlərindən ibarət sərgilər maraqla qarşılanıb. Novruzun qədimliyindən və milli adət-ənənələrimizin zənginliyindən soraq verən ayrı-ayrı səhnələr iştirakçılarda xoş hisslər yaradıb. Sonda respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı nümayiş etdirilib.