Erkən nikahlar gender bərabərliyinin və uşaq hüquqlarının pozulması kontekstində
Sosioloji baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyi olan ailə instutu ər və xanımından, onların övladlarından ibarət olan ictimai-iqtisadi hüceyrə olub insanlığın ən ali, ülvi, saf duyğularını, nəcib niyyətlərini özündə əks etdirən, müqəddəs ittifaq və cəmiyyətin özəyidir. Nikaha daxil olmaq hüququ insanın təbii hüquqlarındandır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 16-cı maddəsində deyilir: “Yetkinlik yaşına çatmış kişilər və qadınlar, heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir-biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir və nikah yalnız hər iki tərəfin sərbəst və tam razılığı ilə bağlana bilər”. Əgər nikaha daxil olmaq istəyən bir tərəf yetkinlik yaşında deyilsə və gələcək həyat yoldaşı haqqında məlumatlı qərar qəbul etmək iqtidarında deyilsə, bu cür razılıq “tam və azad” ola bilməz. O, cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Erkən nikah yaşı 18-dən az olan və ya yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş nikaha daxil olmaq üçün son yaş həddidir. Uşaq Hüquqları Konvensiya və digər konvensiyalarla müəyyən edilmiş beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur.
Yetkinlik yaşına çatmayan şəxs özünü idarə etməsi,yəni seçim etmək qabiliyyəti tam formalaşmadığından onların evləndirilməsi uşaq hüquqlarının pozulması hesab edilir.Gender bərabərliyinin pozulması, qadınlara qarşı cinsi diskriminasiya ən çox onların nikaha daxil olmaq hüquqlarının pozulmasında təzahür etmişdir.
Gender bərabərliyi qadınların və kişilərin, oğlanların və qızların bərabər hüquqları, vəzifələri və imkanları deməkdir. Bərabərlik kişiləri və qadınları eyniləşdirmir, əksinə onların fərqli ehtiyaclarını,prioritetlərini və maraqlarını nəzərə almağa tələb edir. Azyaşlı qızların valideynlər tərəfindən erkən nikaha məcburedilməsi gender əsaslı zorakılığın gözə çarpan növüdür və milli qanunvericilik tərəfindən qadağan edilir. Gender bərabərliyi, cinsi diskriminasiya müxtəlif sahələində , ayrı-ayrı hüquq və azadlıqların məhdudlaşırılması ilə baş versə də, gender bərabərliyi konteksində erkən nikahlar mövzusunun əhəmiyyəti, erkən nikahların qadın və qızların hüquqlarının pozulmasının əsas vasitəsi olması nəzərdən qaçırılmamalıdır.
Beynəlxalq hüquqda və milli hüquq sistemlərində “uşaq nikahlar”ı termini formalaşmışdır. Ayrı-ayrı dövlətlər, təşkilatlar bu barədə öz narahatlıqlarını bildirir, ailə institutunun, insan hüquqlarının müdafiəsi istiqamətində həm yerli, həm də beynəlxalq səviyyədə qanunlar qəbul edirlər. Dünya dövlətlərinin diqqəini qız uşaqlarının erkən yaşda evləndirilməsinə qarşı mübarərizəyə, onların hüquqlarının qorunmasına yönəltmək, bu istiqamətdə səylərin artırılmasını üçün Baş Assambleyasında Türkiyə, Kanada və Peru tərəfindən hazırlanan qətnamə əsasında 193 üzv ölkə tərəfindən qəbul edilən qərara əsasən “11 oktyabr Beynəlxalq Qızlar Günü” təsis olunmuşdur. Bu sənəddə BMT-nin Minilliyin İnkişaf Proqramına nail olunması və qız uşaqlarının onlarla bağlı qərarların verilməsində iştirakının dəstəklənməsi və digər məqamlar öz əksini tapıb.
Erkən nikahlar qızların uşaq hüquqlarını, onların ilk növbədə sağlamlıq və reprodiktiv hüquqlarını pozur, onların cinsi istismarını, seksual köləliyinə, əməklərinin istismar olunmasına, ev məcburi əməyinə cəlb edilmələrinə səbəb olur. Fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, doğuş və ölüm riski yaranır, ana və uşaq ölümlərinin sayı artır; yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Erkən ərə gedən qızların özləri hələ uşaqlıq dövrünü yaşadığı üçün, həmin qızların ana olan zaman öz uşaqlarına laqeyd yanaşması real problemlər yaradır. Bu isə öz növbəsində ciddi psixoloji pozğunluğa yol açır kı, sonradan növbəti bir erkən nikaha zəmin yaranır. Psixoloq və həkimlərin rəylərində evlilik üçün optimal yaş həddi 19-30 arası yaş sayılır. Gələcək nəsillərin sağlamlıq vəziyyəti yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətlərindən birbaşa asılıdır. Ekspertlər yeniyetmənin orqanizminin inkişafda olan orqanizm olduğunu və bu dövrdə bir çox xroniki xəstəliklərin kəskinləşdiyini xüsusi qeyd edirlər. Bundan başqa, tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.
Erkən nikahlar müxtəlif meyarlara görə fərqləndirilir və bu tendensiya ayr-ayrı dövlətlərdə müxtəlif faktorlardan asılı olaraq fərqli formalarda baş verir. Məsələn, 15 yaşadək qızların ərə verilməsi 15 yaşdan sonra qızların ərə verilməsindən, qızların zorla yetkinlik yaşına çatmadan ərə verilməsi ilə könüllü olaraq evləndirilməsindən fərqləndirilir. O cümlədən, dünya dövlətlərində uşaqların dini, vətəndaşlıq, rəsmi və qeyri-rəsmi nikahları mövcuddur. Dünyanın əksər ölkələrində erkən nikahlar qadağan olunduğu üçün həmin nikahlar dövlət qeydiyyatından keçmir və bu nikahların statistikası ayrı-ayrı dövlət orqanları, beynəlxalq təşkilatlar və “Human Rights Watch” kimi nüfuzlu beynəlxalq qeyri hökümət təşkilatlarının monitorinq və araşdırmalarına əsaslanır.
Dövlətlər qanunvericiliklə erkən nikahları qadağan etsə də, cəmiyyət tərəfindən erkən nikahlar normal qəbul edildiyi, ictimai qınaq olmadığı , dövlətlərin səhiyyə, təhsil sistemi zəif inkişaf etdiyi və dövlət orqanlarının, o cümlədən məhkəmə, hüquq-mühafizə orqanlarının partiarxal qaydaların , yerli adət-ənənələrin təsiri altında qaldığı dövləttlərdə erkən nikahlara qarşı mübarizə səmərəli olmur.
158 ölkənin qanunvericiliyinə əsasən nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur, çünki erkən nikahların tətbiqi ənənələr və sosial normalarla dəstəklənir. Erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. durur. (https://stm.az/publications/meqaleler/erken-nikahlarn-sebebleri-ve-fesadlar)
Azərbaycan Respublikası Cinayət Məcəlləsində erkən nikahlara qarşı mübarizənin cinayət hüquqi mexanizmləri öz əksini tapır. Belə ki, CM-nin 176-1-ci maddəsi qadını nikaha daxil olmağa məcbur etməni, 152-ci maddəsi on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməni, 144-cü maddəsi isə adam oğurluğunu özündə ehtiva edir.
Erkən nikahların cinayət hüquqi aspektləri təhlil edilərkən qeyd etmək lazımdır ki, Respublikamızda erkən nikahlar yerli adət-ənənələrə uyğun olaraq müxtəlif formalarda baş verir və zamanla həmin formalar dəyişir. Xüsusilə vurğulamaq lazımdır ki, “qız qaçırma” adəti Respublikamızda erkən nikahların həyata keçirilməsinin əsas üsullarından olmuşdur. “Qız qaçırma” 1960-cı ilin Azərbaycan SSR CM-nin 128-ci maddəsində “Qadını ərə getməyə məcbur etmə və ya onun ərə getməsinə mane olma”, 129-cu maddədə isə “qadını evlənmək məqsədilə oğurlama” kimi nəzərdə tutulmuş, maddələrin sanksiyaları 3 il və 5 il azadlıqdan məhrum etmə cəzaları təsbit edilmişdi. Hazırda qüvvədə olan Cinayət Məcəlləsində isə “qız qaçırma” adəti də CM-nin 144-cü “adam oğlurluğu” maddəsi kimi təsbit edilərək ağır cinayətlər kateqoriyasına aid edilib.Şəxsin iradəsinə zidd olaraq, evlənmək və ya başqa məqsədlə oğurlanması bütün hallarda adam oğurluğu kimi qiymətləndirilir. Qanunvericilik evlənmək məqsədi ilə qadının oğurlanması xüsusi norma kimi təsbit etməməsi , evlənmək məqsədi ilə də olsa qadının qaçırılmasını “adam oğurluğu” kimi qiymətləndirməsi təqdirəlayiqdir. Çünki bəzi hallarda evlənmək məqsədi ilə qız qaçıranlar daha irəli gedərək, qızın ata evinə qayıtmaması üçün hətta onu zorlayır, onunla cinsi əlaqədə olmaqdan çəkinmirlər. Belə olan halda cəmiyyətin basqısı ilə üz-üzə qalan qadın istəmədiyi şəxslə bir evdə yaşamağa məhkum olur. Qadının hüququnu qorunmaq əvəzinə, bəzən isə valideynlər də bu cinayətin ört-basdır olunmasında iştirak edir, evlənmək məqsədi ilə qaçırıldığına görə qızının başqa adama ərə gedə bilməyəcəyini düşünüb, övladlarını arzulamadığı adamla yaşamağa, nikaha daxil olmağa məcbur edirlər.
Həmin cinayət 15 noyabr 2011-ci il tarixli Qanunla Cinayət Məcəlləsinə daxil edilmiş və az ağır cinayətlər kateqoriyasına aid edilməklə üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət formal tərkiblidir və zor tətbiq etməklə, zor tətbiq etməklə hədələmə yolu ilə və ya digər üsullarla zərərçəkmiş şəxsin nikaha daxil olmağa məcbur edildiyi andan başa çatmış sayılır.
Fiziki zor tətbiq etmə və zor tətbiq hədəsindən başqa digər üsullar, valideynlərin qız övladlarını övladlıqdan çıxartmaqla, evdən qovmaqla hədə-qorxu gəlmələrini, onun üçün arzu olunmaz, dözülməz ailə-məişət şəraitinin yaradılmasını, onun azadlığının məhdudlaşdırılmasını, evə qapadılmasını, mobil telefonunun, digər şəxsi əşyalarının alınmasını, iqtisadi məhrumiyyətlər yaradılmasını, özündən asılı olan qız övladına başqa üsullarla təzyiq göstərmələrini nəzərdə tutur. Ölkə reallığında azyaşlı qızlarımızın iqtisadi müstəqilliklərinin olmadığını, onların valideynlərindən asılı olmaları nəzərdən qaçırılmamalıdır.
Hüquq-mühafizə orqanları, xüsusilə polis orqanları üçün qızıl qayda qabaqlayıcı tədbirlər görməklə arzuolunmaz halların qarşısını almaq olmalı, baş vemiş cinayət hadisələrinin istintaqında isə xüsusi həssaslıq və qətiyyətlilik göstərmək, əsla “milli-mənəvi dəyərlər adı altında formalaşmış yanlış adətlərin təsirinə düşməmək, qanun çərçivəsində zəruri olan bütün əməliyyat-istintaq tədbirlərini görməkdir.
Hüquqi demoktatik dövlət quruculuğunu özünün prioritet istiqaməti hesab edən Azərbaycan xalqı əsrlərdən bəri formalaşmış və milli-mənəvi dəyərlər adı altında pərdələnmiş yanlış adət-ənənələri ram etməli, yanlış stereotiplərdən qurtulmalı, klassik nümunəvi Azərbaycan ailə modeli və milli-mənəvi dəyərləri müasir dövrün tələbləri, dünyəvi qanunlarla uzlaşdırılmalıdır. Qızlarımız nə qədər təhsilli, dünyagörüşlü olarsa, onun yetişdirdiyi övlad da bir o qədər savadlı olacaq , nəticə etibarı ilə cəmiyyət savadlı olacaq . Bunu nəzərə alıb, gələcəyin anası olacaq qızların kamil, intellektli, təhsilli insan kimi yetişməsinə şərait yaratmaq lazımdır.Qızlarımız da oğlanlarımızla bərabər inkişaf etməlidir. Ulu öndərimiz Heydər Əliyev deyirdi:"Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır". Savadlı ana savadlı gələcəkdir.
Ucar rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor - Əsab Musazadə