Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirildi

28 aprel 2022 | 13:21

28 aprel 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə  görkəmli oftalmoloq, akademik  Zərifə  xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Akademik Zərifə xanım Əliyevanın Qazıqumlaq Ailə Sağlamlıq Mərkəzinin həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.

Tədbiri açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur  Məmmədov qeyd etdi ki, hər bir xalqın tarixində, elmində mühüm rol oynamış şəxsiyyətlər vardır ki, illər keçdikcə onlar nəinki unudulur, əksinə daha böyük hörmət və ehtiramla yad olunur, həyatı, yaradıcılığı və elmi irsi insanlar tərəfindən diqqətlə araşdırılır və öyrənilir. Belə şəxsiyyətlərdən biri Azərbaycanın tibb elmində və ictimai-siyasi həyatında böyük yeri olan və bu gün anadan olmasının 99-cu il dönümünə toplaşdığımız görkəmli oftalmoloq, akademik  Zərifə  xanım Əliyevadır.

1923-cü il aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik  Zərifə  xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək ixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir.

Fədakarlığı, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Zeynal Bayramlı çıxış edərək qeyd etdi ki, ömrünü tibb elminə həsr edən görkəmli alim Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən, Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib. Xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparıb.

“Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-oftalmoloqu Fatma xanım Novruzəliyeva çıxış edərək qeyd etdi ki, Zərifə xanım Əliyevanın əmək fəaliyyətinin ilk illərində Azərbaycanda traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyin baş vermə səbəblərinin dərindən öyrənilməsi üçün görkəmli oftalmoloq Azərbaycanda traxoma xəstəliyinin geniş yayıldığı rayonlara gedir, əhali arasında geniş söhbətlər aparırdı. Bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublika səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Zərifə xanım Əliyevanın zəngin irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Keçidlər