Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində sentyabrın 12-də YAP Ucar rayon təşkilatı tərəfindən tədbir keçirilib.

12 sentyabr 2023 | 14:42

          Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

          Tədbiri giriş sözü ilə açan YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi dahi şəxsiyyətin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin geniş təhlilində əhəmiyyətli rola malikdir. Ümummilli Liderin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək çoxəsrlik tarixinin Zəfər səhifəsinin yazılmasına nail oldu.

          YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında xidmətləri sırasında hazırda cəmiyyətin avanqard qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradılmasından, ümumxalq partiyası kimi nüfuz qazanmasından, partiyada gənclərin dinamizmi ilə yaşlı nəslin təcrübəsi arasında vəhdətin yaradılmasından geniş bəhs edib. 

          Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin, tarixinin, ədəbiyyat və mədəniyyətinin azərbaycançılıq məfkurəsi ilə dərkinin əsaslarını formalaşdırıb. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” çağırışı harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarını vahid amal uğrunda birləşdirdi. Bu gün böyük inamla qeyd edirik ki, Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla gerçəkləşdirən Prezident İlham Əliyev diaspor quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır. Bu birlik, həmrəylik 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizi şərtləndirən mühüm amillər sırasındadır.

          Milli Məclisin deputatı Ramil Həsən qeyd edib ki, müstəqillik dövründə Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması və bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi şöhrət qazanması Ümummilli Liderin mükəmməl quruculuq proqramının tərkib hissələri olub.    

          Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur. Onun səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi mövqeyini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. Hazırda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi neft strategiyasının uğurlu nəticəsidir.

          Vətən müharibəsi şəhidi leytenant, “Azərbaycan Bayrağı” ordenli Elnur Vəliyevin atası Əli Vəliyev, Birinci Qarabağ müharibəsinin əlili Rahib Rəsulov tarixi Zəfərimizdən geniş bəhs ediblər. Qeyd ediblər ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan bu gün dünyanın diqqətindədir.  

          Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərman, partiya sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

          Tədbir bədii hissə ilə davam edib.

Keçidlər