“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar Ucar rayonunda zəruri tədbirlər davam etdirilir
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətinə xidmət edir, həmçinin korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birlikdə sistemli və əlaqəli şəkildə yerinə yetirilməsinə imkan yaradır. Ölkəmizdə inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalət prinsiplərinə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına maneçilik törədir. Korrupsiya tarix boyu bütün cəmiyyətlərin üzləşdiyi əsas problemlərdən olmuşdur və bu gün də dünya ölkələrində aktual problemlərdən biri olaraq qalır. Korrupsiyaya qarşı mübarizənin intensiv və davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir tələblərə uyğun effektiv mexanizmlərin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Odur ki, həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəldilməlidir. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur. Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir. Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.
Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, dövlət qulluqçularının fəaliyyətində şəffaflığın təmin edilməsi, yerli özünüidarəetmədə aşkarlılıq və ictimai iştirakçılıq prinsiplərinin tətbiqi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunvericilik bazasının mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlərdir. Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu gün ölkəmizdə istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarında çox böyük struktur və kadr islahatları aparılır, idarəetmədə yenilik, operativlik, çeviklik yaradılır. Xüsusilə, kadr islahatları – gənclərin vəzifələrə irəli çəkilməsi, onlara etimad göstərilməsi xalqımız tərəfindən böyük razılıqla qarşılanır.
Aparılan islahatlar ölkəmizin bütün sahələrində əsaslı dönüş yaradıb və korrupsiyaya eləcə də rüşvətxorluğa qarşı aparılan mübarizə islahatların bir növ məntiqi davamıdır. Korrupsiya və rüşvətxorluq ümumbəşəri bəladır və dünyada daim buna qarşı ciddi mübarizə aparılsa da, hələ də kökü kəsilmir. Azərbaycan isə artıq bu mübarizədə nümunəvi dövlətə çevrilir. Kimliyindən asılı olmayaraq, dövlət məmurlarına güzəşt olunmaması, korrupsiya və rüşvətə aludə olmuş vəzifəli şəxslərə qarşı sərt tədbirlərin görülməsi xüsusi vurğulanmalıdır. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşının ürəyincədir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli strategiya və fəaliyyət planları qəbul olunmuş, yeni baxışlar və vəzifələr müəyyən edilmişdir. Son illər korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri tədqirəlayiqdir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılıb. Bir məsələni də xüsusilə qeyd etmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə məsələsində dövlətin siyasi iradəsinin olması vacib şərtdir. Qətiyyətlə demək mümkündür ki, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə sahəsində siyasi iradəsi arzuolunan səviyyədədir. Ümumiyyətlə, korrupsiya istənilən sahədə inkişafa mane olan siyasi və iqtisadi haldır. Hər hansı bir korrupsiya halının baş verməsi qanunun aliliyinin bərqərar olması, yoxsulluğun aradan qaldırılması, iş yerlərinin açılması kimi mühüm proseslərin ləngiməsini şərtləndirir. Həmçinin dövlət xərclərinin artmasına, təhsilin keyfiyyətinin aşağı düşməsinə, savadsız kadrların hazırlanmasına, regionlara ayrılan dövlət investisiya layihələrinin düzgün idarə edilməməsinə gətirib çıxarır. Korrupsiyaya qarşı mübarizə demokratik və sivil inkişaf yolu seçmiş hər bir dövlətin qarşıya qoyduğu əsas məqsədlərdəndir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, dünya ölkələrinin heç biri korrupsiyadan tam sığortalanmayıb. Amma korrupsiyanın səviyyəsi müxtəlifdir. Elə ölkələr var ki, korrupsiya yox səviyyəsində, bəzilərində isə kifayət qədər yüksəkdir. Bəzi ölkələr inzibati yolla, digərləri isə müasir texnologiyadan istifadə edərək mübarizəni gücləndirir.
Ucar rayonunda da korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə layihələr həyata keçirilir. Kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət qurumlarının öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar keçirilmiş tədbirlər işıqlandırılır, ictimai müzakirələr keçirilir, bu mövzuda müxtəlif videoçarxlar nümayiş olunur, idarə və müəssisələrdə bukletlər paylanılaraq əhali arasında geniş yayılması təşviq edilir.
"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq Belə ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyasının təşəbbüsü ilə “Etik davranış qaydaları”nın iş təcrübəsində tətbiqi mövzusunda yeni işə qəbul olunmuş gənclərlə seminar keçirilmişdir. 23 iyun 2022-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluqçuları ilə görüş keçirilmiş və görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində qarşıda duran vəzifələr müzakirə edilərək tədbir iştirakçıları maarifləndirilmişdir. Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında hər ayın yekunları ilə bağlı keçirilən müşavirələrdə aparatın vəzifəli şəxslərinə, Başçının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və müavinlərinə fəaliyyətlərində korrupsiya risklərinin azaldılması və bu cür halların baş verməməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərlə əlaqədar tətbiq olunan dövlət rüsumlarının vaxtında dövlətə ödənilməsi ilə bağlı tapşırıqlar verilmişdir. 05 noyabr 2022-ci il tarixdə “Ucar Gənclər Evi” sosial xidmət müəssisəsinin inzibati binasında Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, Ucar Rayon Gənclər və idman İdarəsinin, təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan işçilərin, Rayon Ağsaqqallar Şurasının, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, “Gələcək İntellektual İnkişafa Yardım” və “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliklərinin iştirakı ilə “Korrupsiyaya qarşı mübarizə” və “İş təcrübəsində korrupsiya risklərinin azaldılması və etik davranış qaydalarının tətbiqi” mövzularında tədbir keçirilmişdir. Tədbirdə mövzularla bağlı məlumatlar verilmiş və iştirakçıların mövzulara uyğun maarifləndirilməsi təmin edilmişdir.
Təhsil, səhiyyə və digər dövlət müəssisələrində, müəssisə rəhbərləri, həkimlərin və müəllimlərin iştirakı ilə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar təhsil müəssiələrində maarifləndirici tədbirlər keçirilmişdir. Eləcə də il ərzində yerlərdə keçirilən görüşlərdə bələdiyyə sədrləri və icra nümayəndələrinə korrupsiya hüquqpozmalarının qarşısının alınması ilə bağlı tövsiyələr verilmişdir.
Bundan başqa işsiz vətəndaşlar rayon ərazisində haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə bağlı Mərkəzi Aran Regional Məşğulluq filialının Kürdəmir rayon xidmət şöbəsinə müraciət edirlər. İlk növbədə şəhid ailəsinin üzvləri, qazilər, Vətən müharibəsi veteranları və işə daha çox ehtiyacı olan aztəminatlı ailələr nəzərə alınır. Müraciətlər elektron qaydada aparılır və “DOST İŞ Mərkəzi” MMC tərəfindən yoxlanıldıqdan sonra işə qəbul haqqında əmr verilir. Rayon ərazisində indiyədək haqqı ödənilən ictimai işlərə cəlb olunan işçilərlə bağlı heç bir sui-istifadə halları qeydə alınmamışdır. Mərkəzi Aran Regional Məşğulluq filialının əməkdaşları tərəfindən tez-tez günün müxtəlif vaxtlarında işçilərin dislokasiya yerlərində olması yoxlanılır. Hər ay haqqı ödənilən ictimai işlərə cəlb olunan işçilərin tabeli və dislokasiya yerləri barədə məlumat bir daha dəqiqləşdirilərək Şəhər İcra Hakimiyyəti tərəfindən həm “DOST İŞ Mərkəzi” MMC-yə, həm də Mərkəzi Aran Regional Məşğulluq filialına təqdim olunur
Ucar rayonunda yaşayış sahəsinə ehtiyacı olan şəxslərin adlı siyahısı ictimaiyyət üçün açıq şəkildə Ucar Rayon İcra Hakimiyyətinin öz rəsmi internet səhifəsində dərc edilir və aktuallığı daim təmin olunur.
Ucar rayonunda İctimai Şura, Apelyasiya Şurası, ŞİHB yanında Şura, Ağsaqqallar Şurası, Veteranlar Şurası fəaliyyət göstərir, o cümlədən müxtəlif tədbirlərin həyata keçirilməsi ilə bağlı verilən qərarlarda rayon ərazisində mövcud olan ictimai, qeyri-hökumət, həmkarlar təşkilatlarının, cəmiyyət və birliklərin üzvlərinin iştirakı təmin edilir.
2022- ci ildə görülmüş tədbirlər 2023-cü ilin 3 ayı ərzində də davam etdirilmiş, hər ayın yekunu ilə bağlı Ucar Rayon İcra Hakimiyyətində keçirilmiş aparat müşavirələrində, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində rəhbərlik tərəfindən dövlət qulluqçularına həmin idarələrdə çalışan hər br məmura korrupsiya, hüquq pozmaları və rüşvətxorlu hallarının baş verməməsi üçün qanunvericiliyin tələbləri izah edilmişdir. Həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının təşkilatçılığı ilə Ucar Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin inzibati binasında dövlət orqanlarının (qurumlarının) fəaliyyətində korrupsiya risklərinin müəyyən edilməsi, təhlili və qarşısının alınması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı rayonun hüquq mühafizə orqanlarının bir sıra idarə və təşkilatların, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın və vətəndaş cəmiyyəti institutunun nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə korrupsiya qarşısında mübarizə sahəsində qarşıda duran vəzifələr korrupsiya risklərinin minimuma endirilməsi və bu cür halların baş verməməsi ilə bağlı müzakirələr aparılmış, çıxışlar edilmiş və tədbir iştirakçılarının maarifləndirilməsi təmin olunmuşdur.
Ucar Rayon İcra Hakimiyyəti əlaqədar dövlət qurumları ilə birlikdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə işlərin yerinə yetirilməsini bundan sonra da davam etdirəcəkdir.
Xəyyam Səmədzadə - Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri, Korrupsiyaya qarşı mübarizə üzrə rayon komissiyasının katibi