Narkomaniyaya qarşı birgə mübarizə aparaq !
Narkomaniya, narkotik tərkibli maddələrdən sui-istifadə, onların istehsalı, ticarəti, törətdiyi fəlakətlər yüz illər boyunca olduğu kimi, XXI əsrdə də bəşəriyyətin varlığını və inkişafını təhdid edən ən təhlükəli qlobal problemlərdən biri olmaqda davam edir.
Narkotika təhlükəsi artdıqca onunla mübarizə zərurəti daha da aktuallaşır. Narkotiklərdən sui-istifadə və onların qanunsuz dövriyyəsi son onilliklərdə daha çox qlobal miqyas almışdır və cəmiyyətdəki sosial-psixoloji mühitə, iqtisadiyyata, siyasətə və qanunun aliliyinə mənfi təsir göstərir.
Narkotik asılılığın qurbanları daha çox yeniyetmələr və gənclər olur. Narkotika aludəçiliyi həm gənc insanın özü, həm də ailəsi, yaxınları üçün faciəyə çevrilir. Narkotiklərdən asılılıq ümumi fiziki xəsarətlərə və sağlamlığın ciddi ağırlaşmalarına səbəb olur.
Narkoman tədricən özünə hörməti, əxlaqi keyfiyyətlərini və zehni tarazlığını itirir. Anormal psixikaya görə ailəsi və dostları ilə ünsiyyət qura bilmir, heç bir peşə ilə məşğul ola bilmir və hətta xəstəliyindən əvvəl sahib olduğu işlə bağlı bacarıqlarını da unudur. Cinayət mühitinə qarışaraq ətrafdakı insanlara bədbəxtlik gətirir və yavaş-yavaş onların da həyatını məhv edir.
Narkomaniya asılılığının digər təhlükəli xüsusiyyəti bu patoloji vəziyyətin geridönməzliyidir. Yəni, dərmanların yan təsirindən bədənin uğradığı dəyişikliklərin bir hissəsi orqanizmdə əbədi olaraq qalır. Hətta uzun müddət bu zərərli vərdişdən uzaq durmağı bacarmış narkotik aludəçisi yalnız bircə dəfə "yüksək" yaşamağa qərar verərsə, o zaman yenidən narkotika cəhənnəminə düşür. Məhz bu səbəbdən həkimlər ümumiyyətlə "sağalmış narkomanlar" ifadəsi əvəzinə "hərəkətsiz narkomanlar" (yəni, bu anda narkotikdən istifadə etməyən) deyiminə üstünlük verirlər. İnsan psixikasında narkotik asılılığın nəticələri müəyyən dərəcədə kompensasiya olunsa da, təəssüf ki, narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük olaraq dəyişməz qalır.
Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Belə ki, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnmısinə yol açır. Nəticədə orqanizm zəifləyir, çəki itkisi yaranır, insanın fiziki gücü tükənir və sonda ölüm halı baş verir. Araşdırmalar göstərir ki, erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü 35-40 il arası təşkil edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hal-hazırda Yer kürəsinin 250 milyon sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən “ağ ölüm”ün əsrinə çevrilmişdir. Bu statistikanın 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. Təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 min nəfəri ötmüşdür. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddə istifadəçisidir. MDB və Asiya ölkələrində isə bu göstərici 26 milyondan çoxdur. Lakin onu da qeyd edək ki, ekspertlərin fikrincə, bu rəqəm tam real gerçəkliyi əks etdirmir. Çünki narkomanların heç də hamısı qeydiyyata düşmür.
Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır.
Bu gün narkomaniya təkcə bəşəriyyətin sağlamlığına, mənəvi dünyasına deyil, qlobal dünya iqtisadiyyatına da narkoticarət yolu ilə ağır və sağalmaz yaralar vurmaqdadır. Belə ki, narkotik maddələrin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə də ən ciddi təhdidlərdən biri kimi çıxış edir.
Mütəxəssislərin hesablamalarına görə, narkotiklərin qanunsuz dövriyyəsindən hər il on milyardlarla dollar gəlir götürülür ki, bu yol ilə əldə edilən qanunsuz gəlirlər də yeni müharibə və münaqişə ocaqlarının, ayrı-ayrı terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılmasına, silah alverinin daha da güclənməsinə və digər cinayətkar aksiyalara sərf olunur.
Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır.
1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tamhüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur.
1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.
Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.
Ümummilli Lideri 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Beləliklə, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır. Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Ucar rayon prokurorunun köməkçisi
III dərəcəli hüquqşünas
Əsab Musazadə