Qarabağ - Bir hüquqi zəfər
44 günlük Vətən Müharibəsinin yekununda ordumuzun əldə etdiyi şanlı zəfər tariximizi, taleyimizi və beynəlxalq hüququn mexanizmlərini dəyişən böyük tarixi hadisədir. Ona görə də 8 noyabr sadəcə Qarabağın işğalına son qoyulduğu düşmənin diz çökdürüldüyü bir gün deyil, həm də təcavüzkarın cəzalandırıldığı və ədalətin bərpa olunduğu bir gündür. O ədalət ki, biz hüquqşünaslar onun uğrunda bir ömür mübarizə aparırıq. Bu nöqteyi-nəzərdən 8 noyabr zəfəri bütün Azərbaycan xalqı ilə birlikdə dünyada hüquqşünas peşəsini şərəf və vicdanla daşıyan hər bir həmkarımız tərəfindən bayram kimi qarşılanmalıdır. Çünki bu sadəcə Azərbaycanın Ermənistan üzərində qələbəsi deyil, eyni zamanda ədalətin qəsbkarlıq üzərində, insan hüquqlarının despotizm üzərində və demokratik rejimlərin faşizm üzərində qələbəsidir. Çünki Ermənistanın Qarabağı işğal etməsi və 30 il buranı öz nəzarətində saxlaması hər şeydən əvvəl beynəlxalq hüququn tapdalanması və ayaqlar altına atılması idi. Azərbaycansa 44 günlük müharibədə verdiyi 3 min qəhrəman igidinin canı, qanı bahasına beynəlxalq ədaləti bərpa etdi.
Ermənistanın Qarabağı işğal etməsi ilə pozduğu beynəlxalq hüquqi normalara diqqət yetirsək məsələnin beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq üçün nə qədər kritik olduğunu bir daha görərik. Burada ilk onu qeyd etmək yerinə düşər ki, Ermənistanın Qarabağ uğrunda başlatdığı elan edilməmiş müharibə bir təcavüzkarlıq faktıdır. Beynəlxalq hüquqda təcavüzkarlıq, müharibə cinayətinə verilən addır. Məşhur alman hüquqşünas M.Voltzer yazırdı ki, təcavüzkar dövlətin törətdiyi əsas cinayət müharibə apardığı ölkənin dinc vətəndaşlarını öz hüquqlarını qorumaq naminə təhlükəyə atmaqdır. Onları seçim qarşısında qoymaqdır: ya hüquqları, ya da canları. Ermənistanda 1988-ci ildən bəri silahlı birləşmələri, qoşunu, ordusu, topu-topxanası omayan dinc azərbaycanlıları eyni seçim qarşısında qoydu. 1975-ci ildə qəbul edilən və 1992-ci ildə Azərbaycan və Ermənistanın qoşulduğu Helsinki yekun aktına görə bir dövlətin müstəqilliyi və ərazi bütövlüyünə qarşı istənilən fəaliyyət təcavüzkarlıq hesab olunur. Yəni ilk olaraq Ermənistan beynəlxalq hüquqa görə təcavüzkar dövlətdir. Bundan savayı rəsmi İrəvan sözügedən Helsinki yekun aktında rəhbər tutulan zor işlətməmək, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, mübahisənin dinc yolla həll olunması, bir-birinin daxili işlərinə qarışmamaq, insan hüquqlarına və əsas azadlıqlara hörmət və beynəlxalq müqavilə öhdəliklərinin vicdanla yerinə yetirilməsi prinsiplərini kobus sürətdə pozub. Yəni, özünün ratifikasiya etdiyi hüquqi sənədə əməl etməyib. Üstəlik, Ermənistan I Qarabağ müharibəsi dövründə törətdiyi Xocalı, Qaradağlı, Meşəli, Edilli və digər kütləvi qırğın və soyqırım cəhdləri ilə beynəlxalq hüququn əsasını təşkil edən dörd Cenevrə konvensiyasının və iki əlavə protokulunu tələblərini kobud sürətdə pozub. Dinc vətəndaşlara qarşı atəş açıb, hərbi əsirlərə işgəncə verib, onları xüsusi amansızlıqla qətlə yetirib və hətta son günlərdə Xocavəndin Edilli kəndində aşkarlandığı kimi əsgərlərimizi kütləvi məzarlıqlarda basdırıb.
BMT-nin Təhlükəsizlik Şurası bütün bunları nəzərə alaraq müharibə davam edən bir dövrdə 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edərək Ermənistandan Azərbaycan torpaqlarının işğalına son qoymasını tələb edib. Lakin Ermənistan buna da məhəl qoymayıb. Belə olan şəraitdə BMT nizamnaməsinin 41 və 42-ci maddələrinə əsasən təcavüzkar dövlətə qarşı ya qeyri-hərbi, ya da hərbi sanksiyalar tətbiq edilməli idi. Lakin bu baş vermədi. Ermənistanın havadarları 30 il ərzində onu törətdiyi bütün cinayətlərə rəğmən himayə etdi. Lakin 2020-ci ilin 27 sentyabrında Azərbaycan düşmən təxribatına cavab olaraq BMT nizamnaməsinin 51-ci maddəsinə istinad edərək öz təhlükəsizliyini qorumaq və yuxarıda qeyd edilən BMT qətnamələri və beynəlxalq hüquqi prinsipləri yerinə yetirmək naminə hərbi əməliyyatlara başladı. Və Ali Baş Komandan İlham Əliyevin uğurlu diplomatiyası və möhtəşəm hərbi-siyasi liderliyi ilə Qarabağda erməni işğalına son qoyuldu. Cənab Prezident İlham Əliyev sadəcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının da taleyini dəyişdi və yol göstərdi. “Əgər beynəlxalq hüququ təmin etmirlərsə, hazırlaşın, güc yığın və özünüz öz ədalətinizi bərqərar edin!”
Rayon prokurorluğunun müstəntiqi, III dərəcəli hüquqşünas - Zeynalabdin Məlikov