Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirillib
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb. Şəhidlər Xiyabanı ziyarət edilib.
Tədbirdə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədov açaraq 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, qeyd etdi ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Xalqımız unudulmaz tarixi günlər, aylar və illər yaşayır. İkinci Qarabağ müharibəsində möhtəşəm qələbəmiz, şanlı Zəfərimiz, ordumuzun həyata keçirdiyi uğurlu lokal antiterror tədbirləri və suverenliyimizin bərpası misilsiz tarixi hadisələrdir.
Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Ceyhun Əliyev, şəhid Təhmiraz Cavadovun anası Xəysə Cavadova, şəhid Samir Qəfərlinin atası Möhlət Qafarov, Vətən müharibəsi əlili Ayaz Həsənli Zəfər Günü münasibətilə öz təbriklərini çatdırıblar.
Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.
Tədbir müxtəlif kompozisiyalar və konsert proqramı ilə davam etdirildi.