Ucar rayonunda “01 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi
30 may 2025-ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində 01 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə rayonun ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin uşaqlarının iştirakı ilə tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşaqlara qayğı Azərbaycan dövlətinin siyasətinin prioritet istiqamətlərindəndir. Yeni nəslin sağlam böyüməsi dövlətin və cəmiyyətin mühüm vəzifəsi kimi daim diqqətdə saxlanılır, onlara xüsusi diqqət və qayğı vardır. Uşaqların cəmiyyətdə sağlam mövqe tutması üçün Azərbaycan dövləti hər cür şərait yaratmışdır.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Həmin illərdə uşaqlarla bağlı problemlərin həllini özündə əks etdirən qanunlar, dövlət proqramları və tədbirlər planı qəbul edilib.
Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Belə ki, ölkəmizim Rəhbəri Azərbaycanda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə 2009-cu ili “Uşaq ili” elan edib.
Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda uşaqlarla bağlı mühüm layihələr reallaşdırılır.
Daha sonra tədbir uşaqların ifasında hazırlanan rəngarəng kompozisiyalarla davam edib.