Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir

31 iyul 2026 | 14:35

          31 iyul 2026-cı il tarixdə Ucar Gənclər Evində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak edib.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Məlahət Hüseynova açaraq qeyd etdi ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

          Latın qrafikalı Azərbaycan əlifbasının bərpa olunması ilə bağlı qərar müstəqilliyimizin ilk ili olan 1991-ci ildə qəbul edilsə də, bütövlükdə yeni əlifbaya keçid prosesinin başlanması və onun uğurla başa çatdırılması müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan əlifbası kimi, dilinin də hərtə¬rəfli inkişafına, onun rəsmi dövlət dili statusu almasına, beynəlxalq münasibətlər sistemində dünya diplomatiyasına yol açmasına nail olmaqla bəyan etdi ki, ana dilinə sevgi və məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcudur.

          Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbədən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

          Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qumru Kamal, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.

Keçidlər