Ucar rayonunda 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirildi
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü ərəfəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının əməkdaşları və hüquqşünaslar iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi. 1995-ci ilin noyabr ayının 12-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ilk dəfə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanaraq ümumxalq səsverməsi referendum yolu ilə qəbul edildi.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dünyada ən mükəmməl və demokratik qanunlardan olması ilə fərqlənir. Ulu Öndər Heydər Əliyevin mütərəqqi ideyalarının davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə vətəndaşlarının Konstitusiyamızda təsbit olunan hüquq və azadlıqlarının təmin olunması, onların sosial rifah halının yüksəldilməsi, respublikamızın sosial, iqtisadi, hərbi, siyasi gücünün daha da inkişaf etdirilməsi dövlət siyasətinin əsas prioritetləridir.
Daha sonra Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon Polis şöbəsinin İstintaq Bölməsinin rəisi Bədirşah Vəlimətov, Ucar Rayon Məhkəmə hakiminin köməkçisi Seyfəddin Məmmədov, Ucar Rayon Prokurorunun böyük köməkçisi Seymur Əsgərov mövzu ətrafında çıxış etdilər.