Ucar rayonunda 15 iyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
13 iyun 2024-cü il tarixdə 15 iyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının məsul işçiləri, təhsil, mədəniyyət işçiləri, rayon ictimaiyyəti iştirak edib.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 iyun–Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Qazyan kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Arzu Xəlilova, Alpout kənd 2 nömrəli orta məktəbin direktoru Ləman Talıbova, Lək kənd 1 nömrəli tam orta məktəbin direktoru Səidə İsmayılova və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov mövzu ətrafında çıxış etdilər.