Ucar rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
13 iyun 2025-ci il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, rayon ziyalıları iştirak edib.
Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir.
1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.
Tədbirdə Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aynur Yusifova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Gülçöhrə Xəlilova, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış etdilər.