Ucar rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi
12 iyun 2026-cı il tarixdə Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, rayon ziyalıları iştirak edib.
Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Tədbirdə şəhid atası Məhəmmədəli Əliyev, şəhid anası Şahnaz Ələkbərova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə ümumi şöbənin müdiri Abdulla Novruzov, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar şəhər 3 nömrəli tam orta məktəbin direktoru Qızqayıt Əhmədova, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Günel Hacıyeva mövzu ətrafında çıxış etdilər.






