Ucar rayonunda 2 Fevral-Gənclər Günü münasibətilə tədbir keçirilib
02 fevral 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində 2 Fevral-Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, rayonun ümumtəhsil məktəblərinin və idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini - ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, ölkəmizdə dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Ölkəmizdə gənclərə ən yüksək diqqət və qayğı göstərilir, uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
Daha sonra Rayon Ağsaqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi-Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qumru Kamal, Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Əfsanə Novruzova mövzu ətrafında çıxış etdilər.
Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilib.






