Ucar rayonunda 20 sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirildi
18 sentyabr 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirildi.
Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ziyalıları iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix - Dövlət Suverenliyi Günü təsis edilib. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır. Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Artıq dövlət suverenliyimiz tam, ərazilərimiz bütöv, sərhədlərimiz isə toxunulmazdır. Mövcud daxili sabitliyin möhkəmlənməsinə və iqtisadi yüksəlişin daha da sürətlənməsinə əlavə stimul verəcək tam suverenlik şəraitində bu pozitiv dinamikanı qoruyub saxlamaq, uğur və nailiyyətləri artırmaq xalqımızın və dövlətimizin qarşısında duran prioritet vəzifədir.
Daha sonra şəhid atası Məhəmmədəli Əliyev, şəhid anası Şahnaz Ələkbərova, Ucar şəhər 6 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Ülkər İsmayılova, Ucar şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Gülçöhrə Xəlilova, Ucar şəhər 7 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Aygün Hüseynova, Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin baş kitabxanaçısı Aysel Vəzirova mövzu ətrafında çıxış etdilər.






