Ucar rayonunda ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir
Ucar rayonunda Rayon İcra Hakimiyyətinin və Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir.Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov açmış, tələbə adını qazanmış gəncləri təbrik etmiş, onlara uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışmışdır.
Mərkəzi Aran Regional Təhsil İdarəsi Ucar rayonu üzrə Təhsil Sektorunun müdiri Rauf Məmmədov 2021-2022-ci tədris ilində qəbul imtahanları zamanı əldə olunan göstəricilər barədə danışıb. Belə ki, rayonun ümumtəhsil məktəblərini bitirən 627 məzundan 223 nəfəri ali məktəblərə daxil olub. Onlardan 24 nəfəri 500-dən, o cümlədən 3 nəfəri 600-dən yuxarı bal toplayıb.
Tədbirdə qəbul imtahanlarında yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan tələbələr, onların müəllim və valideynləri çıxış edərək ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Yüksək bal toplayan tələbələrə hədiyyələr və Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edilmişdir.