Ucar rayonunda “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda tədbir keçirilib
11 aprel 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları və rayon ziyalıları iştirak edib.
Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini-ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesindən nəzər salıb, onun zənginliyindən və saflığının qorunmasından bəhs edib. Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm əhəmiyyəti diqqətə çatdırılıb.
Daha sonra Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Günel Məmmədova, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Şahin Həsənov mövzu ətrafında çıxış etdilər.