Ucar rayonunda dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi
23 iyun 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək bildirdi ki, 23 İyun – Azərbaycan Respublikasında Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Bu münasibətlə Rayon İcra Hakimiyyətinin Başçısı dövlət qulluğunda çalışanları peşə bayramı münasibətilə təbrik etdi. Həmçinin qeyd etdi ki, dövlət qulluğu sisteminin Azərbaycanda müasir səviyyədə qurulması və formalaşması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 21 iyul 2000-ci ildə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun dövlət qulluğuna qəbulun, qullluq keçmənin, dövlət qulluqçularının hüquq və vəzifələrinin vahid qaydalar əsasında tənzimlənməsini təmin etmiş, müasir və peşəkar dövlət qulluğu sisteminin əsasını qoymuşdur. Bu gün sürətlə inkişaf edən Azərbaycanın beynəlxalq aləmdə öz nüfuzunu möhkəmləndirməsi Ümummilli Lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatlardan başlayıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu islahatları davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində Respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görülür.
Sonda dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.






