Ucar rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir
28 aprel 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyəti və “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Akademik Zərifə xanım Əliyevanın Qazıqumlaq Ailə Sağlamlıq Mərkəzinin həyətində olan büstü önünə gül-çiçək dəstələri qoydular.
Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov açaraq qeyd etdi ki, 1923-cü il aprel ayının 28-də dünyaya göz açan Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin tarixində silinməz iz qoymağı bacardı. XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmişdir.
Zərifə xanım Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyevanın zəngin irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Tədbirdə “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru İlqar Mustafayev, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Uşaq şöbəsinin müdiri Səidə Ələkbərova, “Ucar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkim-oftalmoloqu Fatma Hacıyeva çıxış etdilər.






