Ucar rayonunda "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirildi
“Heydər Əliyev İli” çərçivəsində Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, rayon ziyalıları iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyuldu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əliş Cəbrayılov çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin genişmiqyaslı siyasi-ideoloji fəaliyyətində dil siyasəti çox mühüm yer tutur. Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Ulu Öndər Azərbaycan dilinə yalnız adi ünsiyyət vasitəsi kimi deyil, qədim tarixi, zəngin mədəniyyəti, müasir dünyada müəyyən ictimai-mədəni mövqeyi olan bir xalqın milli sərvəti kimi yanaşırdı. Hələ 1970-ci illərdən başlayaraq Ulu Öndər ana dilimizin qayğısına qalıb, Azərbaycan dilinin inkişafı üçün öz səyini əsirgəməyib. Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib.
1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu. Azərbaycan Respublikasında dil siyasətinin möhkəm əsaslar üzərində formalaşdırılması, Azərbaycan dilinin dövlət dili olaraq tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzunun artması bilavasitə Ulu Öndərin adı ilə bağlıdır.
Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, habelə bu dilin saflığı, təmizliyi istiqamətində Ulu Öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün onun siyasi kursunun layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra Ucar rayon Boyat kənd tam orta məktəbin tarix müəllimi Aynur Yusifova, Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Təzə Şilyan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Xəyalə Əliyeva, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Qarabörk kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aynur Əşrəfova mövzu ətrafında çıxış etdilər.