Ucar rayonunda I Çəltik Festivalı keçirilib
23 oktyabr 2026-cı il tarixində Ucar şəhəri, Heydər Əliyev parkında Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “I Çəltik Festivalı” keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov, Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasının 6-cı ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, bir sıra rayonların icra hakimiyyətlərinin başçıları, Respublikanın bir çox Gənclər Evləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat əməkdaşları, şəhid ailələri, ərazi nümayəndələri, bələdiyyələr, sahibkarlar, fermerlər, 10000 nəfər rayon sakini və respublikanın digər rayonlarından qonaqlar iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin ölkədə aparılan iqtisadi siyasətinə uyğun olaraq 2026-cı ilin keçən dövrü ərzində Ucar rayonunda rayonun sosial-iqtisadi inkişafının təmin olunması, əhalinin maddi rifah halının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər davam etdirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi məqsədilə Rayon Qərargahı yaradılmışdır. Qərargah tərəfindən iş planı hazırlanmış və tədbirlərin icrasına başlanılmışdır. İş planında rayonun kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi, rayonun torpaq resurslarının qorunması, ondan səmərəli istifadə olunması, suvarma suyundan istifadənin səmərəli mexanizmlərinin inkişaf etdirilməsi, intensiv bitkiçilik sahələrinin, o cümlədən intensiv meyvə bağlarının, istixana komplekslərinin sahəsinin artırılması, emal sənayesinin inkişaf etdirilməsi, rayonda fəaliyyət göstərən aqroparkların və iri təsərrüfatların fəaliyyətinin genişləndirilməsi və yenilərinin yaradılması nəzərdə tutulmuşdur.
Rayon çəltikçilərinin təşəbbüsü ilə çəltikçilərin rayon birliyi yaradılmışdır. Rayonda çəltikçiliyin inkişaf etdirilməsi və məhsul istehsalının hədəfləri müəyyənləşdirilmişdir. Ölkənin düyü məhsullarının idxalından asılılığının azaldılmasına, özünütəminetmə səviyyəsinin artırılmasına, əhalinin ekoloji təmiz və keyfiyyətli düyü və düyü məhsullarına olan təlabatının təmin edilməsinə və kənd əhalisinin məşğulluğunun daha da artırılmasına nail olmaq, eyni zamanda rayonda çəltikçiliyin səmərəli inkişafını təmin etmək məqsədilə əkin sahələrinin 2028-ci ilə qədər 1641 hektardan 3000 hektara, hər hektardan məhsuldarlığın 34,4 sentnerdən 40 sentnerə, məhsul istehsalının 5500 tondan 12000 tona çatdırması nəzərdə tutulmuşdur. Ölkənin düyü ilə özünütəminetmə səviyyəsinin 28 faiz olduğunu nəzərə alaraq, düyü məhsuluna olan tələbatın təxminən 9-10 faizinin təmin edilməsi qarşıya hədəf qoyulmuşdur.
Əlavə olaraq rayon üzrə 2,8-3,0 milyon manat investisiya qoyulmaqla çəltik əkinlərinin artırılması hesabına 300 yeni iş yerinin yaradılması proqnozlaşdırılmışdır. Həmçinin qeyd edirəm ki, rayonda çəltik emalını təşkil etmək məqsədilə özəl investisiya hesabına 2025-ci ildə rayonun Qarabörk kəndi ərazisində emal gücü gündəlik 20,0 ton olan çəltik emalı müəssisəsi tikilərək istifadəyə verilmiş, bu məqsədlə 600,0 min manat vəsait xərclənmiş, əlavə 10 yeni iş yeri yaradılmışdır. Hazırda müəssisənin emal imkanlarının artırılması istiqamətində işlər davam etdirilir.
Ümumilikdə, Dövlət Proqramının icrası çərçivəsində Ucar rayonunda fermerlər, sahibkarlar və emal müəssisələri tərəfindən 2028-ci ilə qədər 40 milyon manat əlavə investisiya qoyulması və bu investisiya hesabına təxminən 900-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Rayon üzrə ümumi məhsul buraxılışının həcminin 463478,1 min manatdan 2028-ci ilə qədər 648869,3 min manata çatdırılması proqnozlaşdırılır. Dövlət Proqramının icrası nəticəsində rayon üzrə ümumi məhsul buraxılışının həcminin 35-40 faiz artırılması təmin ediləcəkdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov çıxış edərək qeyd etmişdir ki, çəltikçiliyin Azərbaycanda tarixi ənənələri var və bu ənənələri davam etdirmək və indiyə kimi əldə olunmuş uğurları daha da inkişaf etdirmək məqsədilə bu festival həyata keçirilir. Azərbaycanda son 10 ildə çəltikçilik 1500 hektardan 8100 hektara, məhsuldarlıq isə 20 sentnerdən 40 sentnerə çatdırılmışdır. 25 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keçirilmiş müşavirədən sonra təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində 2030-cu ilə qədər çəltik və düyü istehsalında Azərbaycanda özünütəminat səviyyəsinin artırılması hədəf olaraq qarşıya qoyulmuşdur. Ucar rayonunda əkilən sahələrin ölkədə əkilən çəltik sahələrinin 1/3-i hissəsini təşkil etməsi Ucar rayonunda Çəltik festivalının keçirilməsinin səbəblərindən biridir. Ucarda çəltikçiliyin müasir yanaşmalarla həyata keçirilməsi sınaqları aparılır. Bu festivallar ölkədə 5 ildən artıqdır ki, keçirilir. Fermerlərin bu festivallar sayəsində texnikalara, alətlərə, toxum, gübrələrə, daha innovativ həllərə əlçatanlığı artır. Kənd Təsərrüfatı Naziri keçirilən festivalların həm də maarifləndirmə baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Tədbirin keçirilməsi çəltik əkini ilə məşğul olan fermer və xüsusi mülkiyyətçilərin bu sahədəki fəaliyyətlərinin genişləndirilməsi, onların rəğbətləndirilməsi, fəaliyyətlərinin respublika səviyyəsində işıqlandırılması, digər fermer və xüsusi mülkiyyətçilərin bu sahəyə marağının artırılması, bu əkin növünün ənənəvi əkin növünə çevrilməsi məqsədi daşıyır.
Festivalda rayon ərazisində istehsal olunmuş çəltik növləri, kənd təsərrüfatı məhsulları, xalçaçılıq, el sənətkarlığı nümunələri, toxuma və əl işləri, məktəblərin hazırladığı rəsm qalereyası, rayonda istehsal olunan sənaye məhsulları, 40 növdə plov və düyüdən hazırlanan digər məhsullar, 50-dən çox hüquqi şəxs və onlarla fiziki şəxs tərəfindən hazırlanan 160-dan çox məhsul nümayiş etdirilmişdir.
Eyni zamanda festivalda respublikanın digər şəhər və rayonlarından 40-a yaxın şirkət kənd təsərrüfatı texnika və avadanlıqlarını nümayiş etdirmişlər.
Daha sonra rayonda kənd təsərrüfatının inkişaf etdirilməsində fərqlənən bir qrup şəxsə Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı və hədiyyələr təqdim olunmuşdur.
Festivalda nümayiş olunan sərgilərə, kənd təsərrüfatı məhsullarına, yaradıcılıq, əl işlərinə və tarixi əşyalara baxış keçirilmişdir. Festivada Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir çox Gənclər Evləri yaxından iştirak etmişdir. Konsert proqramları və müxtəlif əyləncələr hazırlamışlar. Nazirlik tərəfindən 1000 nəfərlik şəxs üçün plov hazırlanaraq tədbir iştirakçılarına təqdim olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mədəniyyət Mərtkəzləri də yaxından iştirak etmiş, müxtəlif plov nümunələri hazırlanaraq tədbir iştirakçılarına paylanılmışdır. Konsert və əyləncə proqramları nümayiş etdirmişlər.
Festivalda təhsil müəssisələr, bələdiyyələr tərəfindən də özfəaliyyət qrupları, rəqslər, mahnılar, şeir, səhnəciklər nümayiş etdirilmişdir.
Tədbirdə idmançılar da müxtəlif idman nümunələri ilə çıxış etmişlər. Həmçinin həvəskar rəssamlar öz əsərlərini nümayiş etdirmişlər.
Tədbir konsert proqramı ilə davam etmişdir. Konsert proqramında respublikanın xalq artisti Gülyanaq Məmmədova, əməkdar artistlər Cabir Əliyev, İlkin Əhmədov, həmçinin Habil Məmmədov və tələbələri, Rayon Mədəniyyət Mərkəzinin direktoru Tacəddin Mehdizadə, digər müğənnilər və rəqs qrupları çıxış etmişlər.
Tədbir sonda atəşfəşanlıqla başa çatmışdır.






