Ucar rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi
27 avqust 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar Gənclər Evində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları və rayon ziyalıları iştirak edib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Məlahət Hüseynova çıxış edərək qeyd etdi ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir. Qürurverici haldır ki, tarixi Zəfər sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi, yəni burada təsbit edilmiş hüquq və azadlıqlar işğaldan azad olunmuş bütün torpaqlarımızda tam şəkildə bərqərar edilmişdir. Bu Azərbaycan xalqının dövlət suverenliyinin qorunması uğrunda apardığı mübarizənin və gələcəyə olan əzminin təcəssümüdür.
Daha sonra rayon ziyalısı Hakim Nəcəfov, Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının böyük məsləhətçisi Qumru Kamal, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta məktəbin müəllimi Aynur Yusifova, Ucar Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Reyhan Hüseynova mövzu ətrafında çıxış etdilər.






