Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar tədbirlər davam etdirilir.

03 aprel 2025 | 12:09

          Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətin təmin edilməsinə xidmət edir, korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə sistemli və əlaqəli şəkildə aparılmasına imkan yaradır. Dövlətin və cəmiyyətin inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına mane olur. Azərbaycan Respublikasının korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Hazırda ölkəmizdə sosial dövlətin yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi insanların yüksək sosial rifahına nail olmaqdır. Milli Fəaliyyət Planında əks olunmuş kompleks tədbirlərin icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən qətiyyətli fəaliyyətin tərkib hissəsi kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları) tərəfindən göstərilən xidmətlərin yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın aşkar olunmasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılmasına xidmət edir.

          Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir. Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında böyük struktur və kadr islahatları aparılır, idarəetmədə yenilik, operativlik, çeviklik yaradılır. Xüsusilə, kadr islahatları–qazilərin, Vətən müharibəsi iştirakçılarının və gənclərin vəzifələrə irəli çəkilməsi, onlara etimad göstərilməsi xalqımız tərəfindən razılıqla qarşılanır. Dövlət başçısının korrupsiya və rüşvətxorluqla mübarizənin getdikcə sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulmasına verdiyi önəm hər bir ölkə vətəndaşını məmun edir. Respublikamızda korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, kompleks və innovativ xarakteri ilə seçilir. Son illər korrupsiyaya qarşı həyata keçirilən mübarizə tədbirləri təqdirəlayiqdir. Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə məqsədilə təkmil qanunvericilik bazası yaradılıb, müvafiq ixtisaslaşmış dövlət qurumları formalaşdırılmışdır.

          Ucar rayonunda da korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə layihələr həyata keçirilir. Kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət qurumlarının öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar maarifləndirmə işləri aparılır, məqalələr dərc olunur, ictimai müzakirələr keçirilir, bu mövzuda müxtəlif videoçarxlar nümayiş olunur, idarə, müəssisələrdə və təşkilatlarda eləcə də inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə bukletlər paylanılaraq əhali arasında geniş maarifləndirmə işləri aparılmışdır.

          "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının icrası ilə əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət sahəsində çalışan şəxslərin və həmin müəssisələrin rəhbərlərinin iştirakı ilə Rayon Komissiyasının İş Planına əsasən antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Belə ki, 24 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbir keçirilmişdir.

          25 aprel 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin rəsmi saytında “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli Sərəncamının icrası ilə əlaqədar Ucar rayonunda zəruri tədbirlər davam etdirilir” başlığı ilə geniş məqalə dərc olunmuşdur. 22 iyun 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət qulluqçuları ilə görüş keçirilmiş və görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericilik aktları və korrupsiya risklərinin müəyyən edilməsi ilə bağlı müzakirələr aparılmışdır. Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatında hər ayın yekunları ilə bağlı keçirilən müşavirələrdə aparatın vəzifəli şəxslərinə, Başçının inzibati ərazi dairəsi üzrə nümayəndələrinə və müavinlərinə fəaliyyətlərində korrupsiya risklərinin azaldılması və bu cür halların baş verməməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən xidmətlərlə əlaqədar tətbiq olunan dövlət rüsumlarının vaxtında dövlətə ödənilməsi ilə bağlı tapşırıqlar verilmişdir. 05 dekabr 2024-cü il tarixdə Ucar “Gənclər evi” Sosial Xidmət Müəssisəsinin və Ucar Rayon Heydər Əliyev Mərkəzinin inzibati binalarında “Korrupsiyaya yox deyək” və “Korrupsiya və rüşvətxorluq hallarının qarşısının alınması” mövzularında maarifləndirmə tədbirləri keçirilmiş və mövzuya uyğun videoçarx nümayiş etdirilmişdir. Ucar Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən elektron xidmətlərin sayının artırılması və səmərəliliyinin yüksəldilməsi məqsədilə həmin xidmətlərin Elektron Hökumət Portalına inteqrasiya olunmuş vahid rəqəmsal icra hakimiyyəti portalı üzərindən göstərilməsi məqsədilə Ucar Rayon İcra Hakimiyyətinin elektron poçtu və rəqəmsal icra hakimiyyəti portalı fəaliyyət göstərir. Şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının təsdiqi və uçota alınma ilə bağlı dövlət xidmətlərinin elektronlaşdırılması, habelə yerli icra hakimiyyəti orqanları tərəfindən yaşayış sahəsinə ehtiyacı olan şəxslər barədə məlumatlar Rayon İcra Hakimiyyətinin internet səhifəsində dərc edilmişdir.

          Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tədbirlər Planının 4.11-ci bəndinin icrasını təmin etmək məqsədilə sürətli kommunikasiya və rəqəmsal idarəetmə sistemi qurulmuş, ictimai işlərin təşkilində şəffaflığın təmin edilməsi üçün “Haqqı ödənilən ictimai işlər Portalı” yaradılmışdır. Portalın hazırlanmasında məqsəd ölkə üzrə ictimai işlərin təşkili sahəsində vahid elektron bazanın yaradılması, işsiz və işaxtaran şəxslərin ictimai işlərə cəlb edilməsi prosesini obyektiv şəkildə təmin etməkdir. Dövlət və bələdiyyə torpaq sahələrinin icarəyə və mülkiyyətə verilməsi, icarə müddətlərinin uzadılması, kateqoriyasının dəyişdirilməsi proseslərinin elektronlaşdırılması, bu sahədə sui-istifadə imkanlarının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ucar Ərazi şöbəsinin mütəxəssisləri tərəfindən torpaq sahələrində monitorinqlərin keçirilməsi diqqətdə saxlanılmışdır. 2024-cü ildə də əvvəlki illərdə olduğu kimi torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması üçün Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən bələdiyyələrə və digər dövlət qurumlarına müraciətlər edilmişdir. Dövlət orqanlarında (qurumlarında) ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi və ictimai şuraların fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ucar Rayon İcra Hakimiyyəti yanında tərkibi müxtəlif vətəndaş cəmiyyətləri institutlarını təmsil edən və üzvlərinin sayı 7 nəfərdən ibarət olan İctimai Şura yaradılmışdır. İctimai Şura rayonun ictimai-siyasi həyatında fəallıq göstərir. Vətəndaşların problemlərinin öyrənilməsi və bununla əlaqədar aidiyyəti qurumlara müraciətlər göndərilməsini təmin edərək yaranmış problemlərin həllində yaxından iştirak edir.

          Bildiririk ki, Ucar Rayon İcra Hakimiyyəti, Korrupsiyaya Qarşı Mübarizə üzrə Rayon Komissiyası əlaqədar dövlət qurumları, bələdiyyələr və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə birlikdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı birgə fəaliyyəti bundan sonra da davam etdirəcəkdir.

Keçidlər