Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Sülh Aylığı çərçivəsində 21 Sentyabr – Beynəlxalq Sülh Günü ilə əlaqədar tədbir keçirilmişdir

16 sentyabr 2026 | 13:48

          Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust – 21 sentyabr tarixləri ölkədə “Sülh Aylığı” elan edilmişdir. Bununla əlaqədar olaraq 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən Sülh Aylığı çərçivəsində 21 Sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə 16 sentyabr 2026-cı il tarixində Ucar Rayon Heydər Əliyev Mərkəzində Ucar Rayon İcra Hakimiyyəti Ucar Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları və məktəblilər iştirak edib.

          Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri Xəyyam Səmədzadə açaraq qeyd etdi ki, aylığın keçirilməsində məqsəd sülhün və insan hüquqlarının qarşılıqlı əlaqəsi barədə ictimai məlumatlılığın artırılması, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin gücləndirilməsi, dialoq və anlaşma imkanlarının genişləndirilməsi, habelə dövlət qurumlarının, yerli özünüidarəetmə orqanlarının, vətəndaş cəmiyyəti institutlarının və geniş ictimaiyyətin bu istiqamətdə həyata keçirilən fəaliyyətlərdə iştirakının təşviq edilməsidir.

          Azərbaycan Respublikası regional və qlobal səviyyədə sülhün, təhlükəsizliyin, dialoq və əməkdaşlığın təşviqinə mühüm əhəmiyyət verir. 2025-ci il 8 avqust tarixində Vaşinqtonda “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş”in razılaşdırılmış mətninin paraflanması və görüşün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və regionda davamlı sülhün bərqərar olması istiqamətində mühüm mərhələ olub.

          2026-cı ildə də beynəlxalq sülh təşəbbüslərində fəal iştirakını, qlobal sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yönəlmiş səylərini ardıcıl şəkildə davam etdirən respublikamız Sülh Şurasına təsisçi üzv dövlət kimi qoşulub, Prezident İlham Əliyev 22 yanvar 2026-cı ildə Davosda keçirilmiş mərasimdə Şuranın Nizamnaməsini imzalayıb. Bu beynəlxalq təşkilatda iştirak Azərbaycanın regional və qlobal səviyyədə sülh və sabitliyin təşviqinə verdiyi töhfənin mühüm təzahürlərindən biridir.

          Müasir dövrdə sülh mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində, xüsusilə uşaqlar və gənclər arasında aşılanması, insan hüquqları və bərabərlik dəyərlərinə hörmətin artırılması, tolerantlığın, müxtəlifliyə hörmətin və dialoq mədəniyyətinin inkişaf etdirilməsi, habelə ayrı-seçkilik, ksenofobiya, nifrət nitqi, zorakılıq və dözümsüzlüyün bütün formalarının qarşısının alınması da xüsusi aktuallıq daşıyır. Bu istiqamətdə ardıcıl və məqsədyönlü fəaliyyət qarşılıqlı etimad və dinc birgəyaşayış mühitinin daha da güclənməsinə xidmət edir.

          Tədbirdə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 1 nömrəli texniki humanitar fənlər təmayüllü məktəb liseyin psixoloqu Sədaqət Soltanova, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin müəllimi Afaq Hüseynova və Ucar Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərən Nərmin Rüstəmova mövzu ətrafında çıxış etdilər.

#SülhAylığı

#PeaceMonth

Keçidlər