Ucar rayonunda "Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirildi
Ucar rayonunda Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Tarix yazan əbədiyaşar lider” mövzusunda konfrans keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları tərəfindən Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyuldu.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Daha sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar Rayonu üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev, Ucar şəhər 5 nömrəli tam orta məktəbin direktoru Tamara Mirişli, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Ucar rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Elvin Abdulov mövzu ətrafında çıxış etdilər.