Ucar rayonunda “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
12 iyul 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətində “Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Tərəqqi yolunun başlanğıcı, müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, idarə müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak edib.
Tədbiri Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova açaraq qeyd etdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın tarixində müstəsna yeri var. Məhz həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub. Ulu Öndər Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli liderimiz bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. 14 iyul 1969-cu il tarixi xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur.
Tədbirdə Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Qarabağ Əlilləri və Şəhid ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Rahib Rəsulov, Boyat kənd tam orta məktəbin müəllimi Aynur Yusifova, Qarabörk kənd tam orta məktəbin müəllimi Aynur Əşrəfova, Qaracallı kənd 2 nömrəli tam orta məktəbin müəllimi Ziya Mikayılov mövzu ətrafında çıxış etdilər.