Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
10 may 2024-cü il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Ucar Rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların məsul şəxsləri, rayon ziyalıları və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyuldu.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir. Təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması bu kontekstdə xüsusilə vurğulanmalıdır. Ulu Öndər Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından uğurla çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Həyatının mənasını xalqına xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin nəticəsidir ki, bu gün müstəqil və demokratik Azərbaycan dövləti yaşayır və hərtərəfli inkişaf edir.
Tədbirdə Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Bürcəliyev, Ucar Rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Ucar rayon Qaracallı kənd 2 nömrəli tam orta məktəbin tarix müəllimi Ziya Mikayılov, Ucar şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Elvin Abdulov, Ucar şəhər 1 nömrəli texniki və humanitar fənlər təmayüllü məktəb-liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günel Məmmədova mövzu ətrafında çıxış etdilər.