Ucar rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib
12 dekabr 2025-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin Başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının əməkdaşları, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, rayon ziyalıları, rayon ictimaiyyəti iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olundu.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi, dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin Respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb. Qeyd olundu ki, 1993-cü il ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü zaman xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin sonsuz Vətən sevgisi, sarsılmaz siyasi qətiyyəti və güclü idarəçilik bacarığı sayəsində Azərbaycan real parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olub. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsaslı dönüş yaranıb. Ulu Öndərin əsasını qoyduğu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar şəhid ailələri, qazilər və rayon ictimaiyyəti üçün ehsan süfrəsi açılıb.






