Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı tədbir keçirildi

26 fevral 2025 | 14:11

          26 fevral 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar rayonda yaşayan Xocalılarla görüş keçirilmişdir.

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda məskunlaşmış Xocalılar iştirak etmişlər.

          Tədbir iştirakçıları şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.

          Ucar Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov çıxış edərək qeyd etdi ki, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir.

          Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.

          Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.

          Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

          2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

          Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməyəcək. Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq.

          Daha sonra Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, rayon ziyalısı Hakim Nəcəfov, Xocalı sakinləri Ədalət Bayramov və Sürayə Rəsulova çıxış etdilər.

Keçidlər