Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunun Bərgüşad kəndində inşa olunan Ailə Sağlamlıq Mərkəzinin açılış mərasimi keçirilib.

30 avqust 2022 | 14:06

          30 avqust 2022-ci il tarixdə Ucar rayonunun Bərgüşad kəndində Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində inşa olunan Ailə Sağlamlıq Mərkəzinin açılış mərasimi keçirilib.

          Açılış mərasimində Yaponiyanın səfiri Vada Cüniçi, rayon icra hakimiyyətinin başçısı Mansur Məmmədov, Milli Məclisin deputatı Jalə Əliyeva, “Təkamül və İnteqrasiya” Beynəlxalq İctimai Birliyinin nümayəndələri, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

          Qonaqlar Ailə Sağlamlıq Mərkəzində yaradılan şəraitlə tanış olublar.

          Səfir Vada Cüniçi kənd sakinlərini təbrik edərək Yaponiya-Azərbaycan dostluq əlaqələrindən danışıb, bu gün təqdim olunan “Ucar rayonunun Bərgüşad kəndində Ailə Sağlamlıq Mərkəzinin inşası” layihəsinin bu dostluğun nəticəsi olduğunu vurğulayıb.

          Milli Məclisin deputatı Jalə Əliyeva çıxışında Yaponiya-Azərbaycan münasibətlərinin dinamik inkişaf etdiyini qeyd edərək, bu gün açılışı olan Ailə Sağlamlıq Mərkəzinin kənd sakinlərinə göstərilən tibbi xidmətin əlçatanlığının daha da yaxşılaşdırılmasında əhəmiyyətindən danışıb.

          Rayon icra başçısı Mənsur Məmmədov isə Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” çərçivəsində Bərgüşad kəndində inşa olunan yeni tibb ocağı üçün Yaponiya səfirinə təşəkkürünü bildirib, burada əhaliyə göstərilən səhiyyə xidmətinin yüksək səviyyədə təşkili üçün lazımi şəraitin yaradıldığını söyləyib.

          Açılış mərasimindən sonra səfir Vada Cüniçi qeyd edərək bildirmişdir ki, bu il Yaponiya-Azərbaycan diplomatik münasibətlərinin 30 ili tamam olur. Bu layihə bizim Azərbaycana dostluq hədiyyəmizdir. “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” çərçivəsində indiyədək Azərbaycanda 278 layihə icra olunub. Bu gün təqdim olunan layihə Ucar rayonunda ilk layihəmizdir”.

          Qeyd edək ki, Yaponiya hökumətinin ayırdığı 146 min 864 manat məbləğində qrant hesabına Ucarın ən iri yaşayış məntəqələrindən olan Bərgüşad kəndində istifadəyə verilən Ailə Sağlamlıq Mərkəzindən həm də Yuxarı Şilyan, Bağban, Boyat sakinləri də yararlanacaqlar.

Keçidlər