Ucar rayonunun Bərgüşad kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi
14 may 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunun Bərgüşad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirildi.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun, Rayon İcra Hakimiyyəti Başçısının Bərgüşad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, Bərgüşad bələdiyyəsinin, ərazidə fəaliyyət göstərən dövlət qurumlarının məsul şəxsləri, Bərgüşad kənd 1 və 2 nömrəli tam orta ümumtəhsil məktəblərinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, Ucar rayonunun Bərgüşad kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi Şövqi Rəhimli, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçar Regional Bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon Polis şöbəsinin sahə rəisi Xəqani Vahidov, Bərgüşad-Yuxarı Şilyan kənd bələdiyyəsinin sədri Rauf Şəmsəddinov mövzu ətrafında çıxış edərək qeyd etdilər ki, Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır. Ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi isə bu prinsiplərin həm tarixi əhəmiyyətini, həm də gələcəyə yönəlik strateji mahiyyətini daha da ön plana çıxarır. Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanmışdır. 1995-ci il noyabrın 12-də referendumla Azərbaycan Respublikası Konstitusiyasının qəbulu ölkəmizdə genişmiqyaslı qanunvericilik və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə yol açmışdır. Əsas Qanunda cəmiyyətin inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilmişdir.