Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
14 iyul 2026-cı il tarixdə Ucar Rayon İcra Hakimiyyətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsinə həsr olunmuş “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulduğu gün” mövzusunda tədbir keçirilmişdir
Tədbirdə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, idarə müəssisə və təşkilatların əməkdaşları, rayon ziyalıları iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Aidə Qəhrəmanova çıxış edərək qeyd etdi ki, 1969-cu il 14 iyul tarixinin Azərbaycanın yeni tarixində müstəsna yeri var. Həmin tarixdən başlayaraq respublika həyatının bütün sahələri köklü islahat və sürətli inkişaf yoluna qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, respublika inkişaf tempinə görə keçmiş ittifaq miqyasında öncül sıralara çıxıb. Bu baxımdan Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə daim xatırlanır. Bu tarix Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Dünya şöhrətli siyasi xadim öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb. Ulu Öndər siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli dəyərlərə bağlı olmuşdur. Ümummilli Lider bütün zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir.
Ulu Öndər Heydər Əliyevin uğurla həyata keçirdiyi siyasət Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun inkişaf etdirilərək, ölkəmiz öz qüdrətini günbəgün artırır, yeni hədəflərə və nailiyyətlərə doğru əmin addımlarla irəliləyir.
Tədbirdə Ucar Rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon ziyalısı Hakim Nəcəfov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon şöbəsinin sədri Niyaz Xəlilov, Ucar rayon Qazyan kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Günel Bayramova, Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbin kitabxanaçısı Yaqut Tağıyeva mövzu ətrafında çıxış etdilər.






