Şriftin ölçüsü :

Saytın rəngi :

Əliyev Kərim Məhəmmədəli oğlu

________________________

Soyad:              Əliyev

Ad:                    Kərim

Ata adı:             Məhəmmədəli

Doğum tarixi:   31.08.1998

Şəhid olub:      24.10.2020

Rütbə:              Kiçik gizir

Təltifləri

         
"Vətən uğrunda" medalı, "İgidliyə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Kərim Məhəmmədəli oğlu Əliyevdir.

Kərim Əliyev 1998-ci il avqustun 31-də Ucar rayonunun Alpout kəndində anadan olub. 2004-2015-ci illərdə Alpout kənd tam orta məktəbində təhsil alıb.

Kərim Əliyev 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik giziri olan Kərim Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əliyev oktyabrın 31-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən,Kərim Əliyev ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Qəhrəmanın atası, birinci Qarabağ savaşının qəhrəman döyüşçüsü , Qarabağ qazisi Məhəmmədəli Əliyev danışır:"...Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, oğlum düşmən qabağından qaçsaydı, fərsiz övlad böyütdüyüm üçün ağlayardım, deyir. Mən özüm Qarabağ qazisiyəm. Haralarda döyüşməmişəm?! Şuşa… Laçın… Qubadlı, Göranboy, Tərtər istiqamətində gedən qanlı döyüşlərdən çıxmışam. Onda ordumuzun təchizatı da zəif idi. Necə deyim, elə bil dayandoldurumla döyüşürdük. Amma kişi kimi döyüşürdük. Bizmlə erməni döyüşmürdü ki… erməni bizim əli silahsızımızdan qorxurdu. Biz onda rusun güclü təminatı, hər cür silahı, sursatı olan ordusu ilə döyüşürdük. Gülüstan istiqamətində gedən döyüşlərdə ağır yaralanıb, qazi olmuşm. Allah kişini, oğulu qeyrət qalası kimi dünyaya gətirib. Oğul düşmənə çəpər olmalıdır. Vətəninin qeyrətini çəkməlidir. Mən oğlanlarımın ikisini də belə böyütmüşəm. Belə tərbiyə etmişəm. İki oğlum var : Rüstəm, Kərim… Hər ikisi hərbiçidir. Mən gözəl bilirdim ki, oğlanlarım ofisiantlıq etmir, haradasa barda, restoranda işləmir… Yaxud boynu qalstuklu hansısa, yayda kondisonerli, qışda isti otaqda oturub işləmirlər. Hərbiçinin öz həyatı olur. Qanı var, qadağası var… Ölümü var, əcəli var. Amma demişdim ki, üstümə cənazənizi gətirsələr, birinci çevirib kürəyinizə baxacam. Əgər arxadan yaralanmısınızsa, əgər güllə arxadan dəyibsə, onda deyəcəm ki, mənim oğlum deyil… Çox şükür ki, üzümü qara etmədilər. İndi hamı Kərimdən danışır. Allah Kərimimi gördü,seçdi … onu şəhidliklə mükafatlandırdı. Mənim gedə bilmədiyim yolu Kərim getdi…

Müharibəyə getdiyini bizə bildirmədi. Müharibədən bir gün öncə evə gəlmişdi. Vaxtaşırı gəlirdi. Burada, İsmayıllıda təlimdə idilər. Sonuncu dəfə gələndə gecədən xeyli keçmişdi. Gördüm,Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub həyətə tamaşa edir… Sonra gördüm ki, gecədən xeyli keçməsinə baxamayaraq, yatdığı otağın işığı sönməyib. Keçdim onun yanına ,gördüm yataqda uzanıb, gözünü yuxarı zilləyib baxır. Nə isə fikirləşir. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk- bərk qucaqlayıb “veteran, özünü qoru” dedi. Dedim, sən də özünü qoru, sən əsgərsən…Ehtiyat əsgərin silahıdır… Sentyabrın 27-də müharıbə başlaması xəbərini eşitdim, başa düşüdüm ki, Kərimim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, “Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir , haqqını halal eylə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olub,üç rəngli bayrağa bükülüb gələcəm…”

Dedim sən ehtiyatlı ol. Haqqım halalın olsun. Evə gəldim, gördüm anası özündə deyil. Dedim nə olub, nə eşitmisən?"

Anası deyir:" Səhər təzəcə açılmışdı. Kərimdən zəng gəldi. Bu vaxtlar Kərim zəng etməzdi. Amma kefi kök, şən idi. Silah səsi gəlirdi. Dedim ki, Kərim haradasan? O nə səs küydür? Dedi ki, ana, qorxma və məndən narahat olma. Qarabağdayam. Zəng etdim ki, səndən halalıq alam. Haqqını halal et. Əgər, şəhid olsam, məni ağlama. Mərd ol, möhkəm ol. Şəhid olsam bil ki, qorxaq kimi deyil, qəhrəman kimi şəhid olmuşam. Mənimlə bütün həyatın boyu iftixar duyacaqsan. Dedim ki, Kərimim mən sizinlə həmişə iftixar duymuşam. Çalış ki, mənə bu acını yaşatmayasan…"

Sinif yoldaşı Natiq Cəfərov :"Mənim üçün çoğ ağrılı, çox çətin bir məqamdır. Kərimin dostlarından , sinif yoldaşların onun haqqında danışmaq mənə qismət oluğu üçün qürurluyam. Kərimin dostu olduğum üçün xoşbəxtəm. Kərim bizdən ayrıldığı üçün çox üzgünəm. Ayrılıq həsrəti çox ağırdır, üzücüdür. Düşünmək belə mümkün deyil ki, Kərim həyatda yoxdur, bizim aramızda deyil. Biz bir də onu görməyəcək, şirin zarafatlarını dinləməyəcək, hər hansı bir işin planını qurmayacaq, toylara birlikdə getməyəcəyik. Mənim üçün bunlar dözülməz və inanılmazdır. Gözüm hər yerdə Kərimi gəzir. Kərimin xarakterizə edə bilmirəm. O yaxşı idi, bu yaxşı idi deyə bilmirəm. Bircə onu bilirəm ki, Kərim sevgi dolu, həyat dolu bir insan idi. Kərim olan yerdə həyat canlanırdı. Kərimsizliyi, bilirsiniz nəyə bənzədə bilərəm? Elə bilirəm ki, susuzluqdan təşnə gedib, dodağı çat-çat çatlayan, suyu qurumayan sərin bir bulağa tərəf gedirəm. O bulaq Kərimdir. Mən gedirəm o uzaqlaşır…Ona çata bilmirəm…Kərimlə bir yerdə olanda adamın qəlbinə sərinlik gəlirdi. Adam rahatlıq tapırdı. Kərim ac qalıb çörəyə həsrət qalmış biri üçün çörək idi. Kərim cibində pulu olmayan bir dost üçün üz tutulacaq ünvan idi. Kərim sirrini, sözünü, hətta namusunu etibar edə biləcəyin sədaqətli bir dost idi… Kərim dara düşsəydin, gecənin istənilən vaxtı qapısı döyüləcək bir kişi idi. Kərim dost yolunda, vətən yolunda canını fəda etməyi bacaran bir qəhrəman idi. Və Kərim bütün bunların cəmini özündə birləşdirən bir şəxsiyyət idi. Mən Kərimlə fəxr edirəm. Mən Kərim adı çəkiləndə qururlanıb başını dik tutan bir insanam. Kərim öz qısa həyatı ilə insan necə olur, dost necə olur,əsgər necə olur və kişi,döyüşçü necə şəhid olur suallarına indiyə kimi ən mükəmməl cavab verən qəhrəmanlardan, vətən üçün doğulmuşlardan biri olduğu üçün dostumla qürur duyuram. Vətənin rəşadətli, qəhrəman oğlunun ruhu qarşısında baş əyirəm. Belə oğlanları olan Vətən basılmaz. Belə oğul dünyaya gətirən valideyinlər ömrü boyu başlarını dik tutub qürurlanmağı haqq edən ən şərəfli insanlardır. Kərimin itkisi dözülməzdir. Hamımızı yandırır. Tüstümüz başımızdan çıxır. Başımızdan çıxan tüstü, ahımız dostumuza yetişirsə ,yəqin ki, Kərim qardaşım onun üçün axıtdığımız yaşları bu gün mütləq görür... Ruhun qarşısında sayğılar və səcdələr, əziz qardaşım."

Dayısı, ehtiyatda olan polkovnik Müşviq Səfərov Kərimlə bağlı xatirələrindən danışır: "Bir hərbçi, Vətəninə qulluq etmiş bir insan kimi vətənimin, bu gözəl Azərbaycanımın Kərim kimi bir oğlu olduğu üçün bir dayı kimi, eyni zamanda bir vətəndaş olaraq onu yaxından tanıdığım üçün çox qürurluyam. Kərim kimi insanlar çox az doğulurlar. Belə insanların itkisi də çox ağır olur. Kərim təkcə mənim bacım oğlu deyil, bir ailəyə, bir kəndə mənsub qəhrəman deyil, bütövlükdə vətənin oğlu idi. Onun itkisi də hesab edirəm ki, vətənimin itkisidir. Ona görə də Vətən başın sağ olsun, deyirəm. Bir ölüb min dirilərik, təki vətən sağ olsun.

Kərim haqqında danışarkən ilk öncə qeyd edim ki, Allah onu Vətənin əsgəri olmaq üçün yaratmışdı. Onda əsl hərbçi xasiyyəti var idi. Möhkəm idi. Ağzıbərk idi. Vətənsevər idi… Ölümün gözünün içinə dik baxmağı bacaran idi. Dəqiq idi… Hərbçiyə xas olan bütün keyfiyyətlər onda cəmləşmişdi. Hərbi formanı geyən, hərbi qulluqçu olmaq istəyən gərək ölməyi gözə almağı bacarsın. Ölümü, qorxunu öldürə bilsin. Özündan qabaq hərbçinin,əsgərin gərəkdir ki,cəsarətli doğulsun. Kərimdə bütün bu xüsusiyyətlər aşırı dərəcədə var idi. Hələ uşaqlıqdan hərbiçi olmaq arzusunda idi. Torpaqlarımızın işğalı ilə barışa bilmirdi. Ot kökü üstə bitər. Bu uşaqlar gözələrini açıb ailədə Qarabağ dərdi eşidib, Qarabağ savaşı haqqında söhbətlərə qulaq asıblar. Atası Məhəmmədəli birinci Qarabağ müharibəsi iştirakçısı, od,alov, hər an ölüm görüb. Özü də ölümdən möcüzə nəticəsində qurtarıb, sağ qalmış bir qəhrəmandır.Övladları dünyaya gəlib, ağılları söz kəsəndən ata evdə Qarabağdan, erməni faşizminin törətdiyi Xocalı qətliamından danışıb. Başqa cür ola bilməzdi. Məhəmmədəlinin övladları mütləq hərbiçi, qisasçı bir qəhrəman olmalı idi …oldu da…

Kərim orta məktəbi bitirib, ali məktəbə qəbul olmaq üçün imtahan verib, keçid üçün kifayət qədər yüksək bal toplamışdı. Mənimlə söhbət edəndə sonrakı prosseslər, gələcək həyatı barədə danışırdı. Dedim ki, Kərim 4 il ali məktəb oxuyandan sonra inşallah, əsgər gedərsən. Hərbi formanı əyninə geyinib, praktiki cəhətdən əsgər həyatını yaşayarsan. Ağır-yüngüllüyünü onda görəcəksən, biləcəksən, özün qiymətləndirərsən. Dedi ki, əsgər getmək istəyirəm. Hərbçi olmaq istəyirəm. Torpağı işğal altında olan kişi oturub 4 il gözləməz. Mən bu yolu seçirəm.

Dediyini də etdi. Sentyabrda oxumaq üçün ali məktəbə deyil, 2016-cı ilin oktyabrında hərbi xidmətə getmək üçün səfərbərlik idarəsinə üz tutdu. Əsgərlikdə olanda da maraqlanırdım, çox ləyaqətli əsgər idi. Özünə hörmət etməyi bacaran əsgər idi. Valdeynlərinin üzünü ağardan, elinə - obasına yaraşan oğul idi, Kərim. Əsgərlikdən gələndən sonra heç bir ay istirahət etməyib seçdiyi yolun arxasınca getdi. Birdə gördüm ki, Kərim ön cəbhədə hərbi hissələrin birində MAXE kimi qulluğa başlayıb. Bir qədər orada qulluq edəndən sonra Kərim dedi ki, «dayı mən XTQ-də qulluq etmək niyyətindəyəm». Orada qulluğun özəllikləri olduğunu, seçimdən keçməyin asan olmadığını Kərimə söylədim. Bilirdim ki, XTQ-də qulluq etmək üçün 100 nəfərdən beş nəfəri, üç nəfəri dözüb sona kimi qala bilmir… Söhbətimizin üstündən 6 ay keçmişdi ki, Kərim mənə zəng edib XTQ-nin kursunu bitirdiyini və xidmətə başladığını dedi. O gün mənim həyatımın ən xoş, ən gözəl sevincli günü idi.. Kərimin boy- buxunu, çəkisi, fiziki hazırlığı XTQ-də xidmət üçün yarayırdı. Amma onun dözümünü, dəyanətini bilmirdim. Bu xəbər mənim üçün çox qiymətli xəbər idi.

Kərim özünə diqqət verən hərbiçi idi. Çalışqan idi. Yorulmaq nə olduğun bilməzdi. Demək olar ki, bütün silah növlərindən peşəkarcasına istifadə etməyi bacarırdı. Təlimlərdən əlavə mütaliə etməyi xoşlayardı.

2020-ci ilin sentyabrın 27-si tezdən saat 6-da Kərim mənə zəng vurmuşdu, sevinirdi. Elə bil müharibəyə yox , toya, istirahətə, hansısa gözəl bir əyləncəli yerə gedirdi. «Dayı, gözümüz aydın. Ali Baş Komandan torpaqlarımızın azad olunması haqqında əmir verib. Tezliklə əks hücuma keçəcəyik»-dedi. Müharibənin ilk günündən oktyabrın 17-nə kimi onunla mütəmadi telefon əlaqələrimiz olub. Kərimin gözəl xasiyyəti vardı. Adama ruh,güc ,qüvvət verməyi bacarırdı . Xaraktercə çox nikbin idi. Adamı inandırmağı bacarırdı. Mən ona telefonda Qartal deyirdim. Hər zəng edəndə, «dayısının qartalı vəziyyət necədir?» , soruşurdum. Cavabı da belə idi: «Qartal qarğaları təmizləyir.Bizim vətənimizdə leş qarğası olmamalıdır. Qələbə bizimlədir, cənab polkovnik, ürəyin rahat olsun».

Biz bacı-qardaşların 9 oğlan uşağından 6-sı 2020-ci ildəki Vətən Müharibəsində müxtəlif istiqamətdə, müxtəlif qoşun növlərində düşmənlə vuruşurdular, müharibədə idilər. Amma Allah Kərimi seçdi. Allah Kərimin üzünə əvvəldən nuru, işığı çox vermişdi. Uşaq işıq saçırdı. Sən demə Yaradan onu özü üçün yaradıbmış. Bu uca zirvə, bu əlçatmazlıq Kərimin qismətinə yazılıbmış. 19 oktyabrda düşmənlə qeyri - bərabər döyüşə yaralı vəziyyətdə qatılan Kərim Tanrının ən uca məqamı-şəhidlik zirvəsinə ucaldı. Kərim özünü bu gözəl Vətənə fəda etdi. Kərim qabağı görməyi bacaran, düşüncəli gənc idi. Bu dünyaya bir gün gələn, bir gün də gedəcək. Amma Kərim kimi oğullarımız əbədiyaşardılar, ölməzdilər. Nə qədər Azərbaycan var, nə qədər vətən var, o qədər də Kərimlər var. Ölməz, əbədiyaşar, Kərim balam ruhun qarşısında sayğı duruşu ilə durub sənə, vətənin ləyaqətli oğluna əsgəri salam verirəm.Salam olsun bu torpaqdan ötrü canını fəda edən vətənin təmənnasız qəhrəman oğullarına."

Mahir Məmmədov , döyüşçü yoldaşı: "Mən 2001- ci ildən 2021-ci ilin fevralına kimi XTQ-də xidmət etmişəm. Çox təəssüf edirəm ki, Əliyev Kərimi əvvəllər tanımamışam. Çox sonralar, 2019-cu ildən bir bölükdə xidmət etdiyim gündən tanımışam. Tanıdığım gündən də Kərimin mərd cəsur bir insan olduğunu hiss etmişəm və sonralar döyüşlər zamanı hissimdə yanılmadığımın, Kərimin bir qəhrəman olduğunun canlı şahidi olmuşam. Kərimlə biz Füzuli rayonunun Qaraxanbəyli kəndində ilk gündən döyüşlərə qatılmışıq. Kərim olan yerdə, qorxu hissi nə olduğun hiss etməzdik. O, öz zarafatları, baməzə sözləri ilə döyüş yoldaşlarına ruh verməyi bacaran bir savaşçı idi. Çox mehriban, gülərüz, şən,tərbiyəli, böyüyün böyük yerin, kiçiyin kiçik yerin bilən adam idi. Mənə belə gəlir ki, Kərimdəki bu xüsusiyyətlər ona atası Məhəmmədəli əmidən keçmə xüsusiyyətlər idi. Atası da birinci Qarabağ savaşının qəhrəman döyüşçülərindən olub.Vətənin müdafiəsi uğrunda canını fəda edənlər sırasında döyüşüb. Bildiyimə görə çox mərd bir insandır. Bütün bu xüsusiyyətlər genetik olaraq Kərimə də var idi. Kərim kollektiv arasında, yoldaşlar arasında özünün qazandığı hörmət hesabına hamı onun yolunu saxlayırdı. Biz əvvəllər Kərimlə birlikdə təlimlərdə olmuşduq. Kərim özünü döyüşə hazır bir hərbiçi kimi təsdiq edib, göstərə bilmişdi. Ən böyük kompakt təlimlərimiz İsmayıllıda olmuşdu. Kərim bu təlimlərdə öz gücünü, potensialını açıb peşəkar bir hərbçi kimi özünü tam təsdiq edib döyüşə yollandı. Qaraxanbəylinin düşməndən azad olunmasında Kərimin müstəsna xidməti oldu. Düşmənin canlı qüvvəsinin əsir götürülməsində, döyüş texnikasının, silah-sursat anbarının qənimət kimi götürülməsində Kərimin müstəsna xidməti oldu.

Kərim elə bir insan idi ki, hətta yaralı vəziyyətdə belə geri çəkilmirdi,onu döyüşdən, yoldaşlarından aralamaq mümkün olmadı. Bütün müharibə müddətində, ta 19 oktyabra kimi Kərimin döyüş şücaətindən danışmaqla bitməz. Biz Kərimlə birlikdə Füzulidə, Cəbrayılda, Hadrutda qanlı döyüşlərdə olmuşuq. Xocavənd rayonunun Qubadlı istiqamətindəki,yüksəkliklərdə mən ağır yaralanmışam.Əvvəl məni öldü bilib «morq»a qoyublar.Morqda bir nəfər mənim ölmədiyimi hiss edib, məni reanimasiyaya yerləşdiriblər. 23 oktyabrda hospitalda özümə gəlib gözümü açanda ilk soruşduğum adam Kərim oldu. Təəsssüf ki, dostumun şəhid olma xəbərini eşitdim. Bu üzücü xəbərdən çox sarsıldım.

Kərim kimi oğullar, qəhrəmanlar ölmürlər.Dostlarının,döyüş yoldaşlarının,ürəyində əbədi məskən salırlar. Nə qədər ki, bu Vətən var, bu Vətəni yaşadan Kərim kimi qəhrəman oğullar o qədər də yaşayacaqlar."

Abbasov Ayar, döyüşçü yoldaşı:"2019 cu ilin dekabr ayından XTQ-nin giziri, şəhidimiz Əliyev Kərimlə eyni qrupda xidmətə başlamışam. 2020- ci ildə sentyabrda başlanan Vətən Müharibəsindən öncə Kərimlə birlikdə İsmayıllıda təlimlərdə olduq. Bu bizim Kərimlə birlikdə iştirak etdiyimiz ən böyük təlim idi. Doğrudur, buna kimi də birkildə taktiki təlimlərdə iştirak etmişdik, amma bu maştabda təlim görməmişdik.

2020- ci ilin sentyabrin 27-də döyüşün ilk günündə Füzulinin Qaraxanbəyli kəndində ön xəttdə əks hücuma keçdik. Ermənilər bu istiqamətdə çox böyük hərbi texnika,canlı qüvvə ilə cəmləşmişdilər.Çox şiddətli ,ağır qanlı döyüşlər gedirdi.Bu döyüşdə bizim qrup komandiri Kapıtan Şirinov Kamil şəhid oldu. Kamillə Kərim çox yaxın dost idilər. Kamilin şəhid olması Kərimə həddindən artıq pis təsir etmişdi.Kərim oradaca söz verdi ki, Kamilin qisası üçün son damla qanına kimi vuruşacaq. Biz orada 4 gün vuruşduq. Həmİn döyüşlərdə bir şəhidimiz, 18 yaralımız oldu.

Qaraxanbəylidə mühasirə şəraitində döyüşürdük. Əmrə əsasən taktikanı dəyişdik. Bizə tapşırıq gəldi ki, geri çəkilib Cəbrayıl istiqamətdə döyüşə girək. Oktyabrın 2-də Lələtəbə istiqamətdən Cəbrayılın azad olunması uğrunda döyüşə qatıldıq. Ordumuz düşmənə sarsıdıcı zərbələr vururdu. Düşmən təlaş içində idi. Artıq oktyabrın 3-də demək olar ki, Cəbrayılın mərkəzi düşməndən azad edilmişdi. Üç gün orada qaldıqdan sonra yenidən Lələtəpə, Arazboyu istiqamətdən torpaqları təmizləyib Hadruta kurs götürdük. Hadrutda çox qanlı döyüşlərimiz oldu. Hadrut iki dağın arasında yerləşir. Ermənilər yüksəklikdə, sağ-sol istiqamətdə mövqelənib, bütün silahlardan istifadə edib bizi atəş altında saxlayırdılar. Kəndə hücum etdik. Kəndə girmək olduqca çətin idi. Ermənilər kəndi vermək istəmirdilər. Amma biz istədiyimizə nail ola bildik. Kəndi azad etdik. Sağda, yüksəklikdə ermənilərin hava hücumundan müdafiə sistemi yerləşirdi,çox strateji ,hərbi cəhətdən əhəmiyyətli bir obyekt idi.Ermənilərin demək olar ki,yaxın ətrafda qalxan bütün helikopterləri,uçuş aparatları orada koordinasiya edilirdi. Biz 12 nəfərlik qrupla ermənilərin hava hücumundan müdafiə sisteminin yerləşdiyi istiqamətə doğru irəliləməyə başladıq. Bu döyüşdə Kərimlə bir erməni polkovniki çox yaxın məsafədə üzbəüz gəldilər. Kərim başqa bir şəhidimiz Eliyar Vəliyevlə birlikdə hərəkət edirdi. Bu an Kərimin qeyrı-adi hərəkətinin şahidi olduq. Erməni polkovniki Elyarla Kərimə doğru atəş açırdı. Kərim akrobatik bir hərəkətlə tullanıb yerə uzanıb cəld manevr etdi. Biz elə bildik ki, erməni polkovniki Kərimi vurdu. Kərim yerə düşən kimi uzanıqlı vəziyyətdə erməni polkovnikinə atəş açıb onu cəhənnəmlik etdi. Bu döyüşdə hərbi qənimət kimi düşmənin hava hücumundan müdafiə sistemini, eləcədə bir UAZ , bir Ural maşınını ələ keçirib canlı qüvvə olaraq bir polkovnikini, bir kapitanını və 11 döyüşçüsünü məhv etdik. Kərimin göstərdiyi bu qəhrəmanlıq dərhal komandanlığa məruzə olundu. Bütün bu döyüşlərdə Kərim gerçəkdən böyük fədakarlıqlar edir, misilsiz qəhrəmanlıqlar göstərirdi.

Bir məsələni də qeyd etməyi vacib bilirəm. Əslində, Kərim minaatan heyətində xidmət edirdi. Kamil şəhid olandan sonra biz Cəbrayıl istiqamətində hücuma keçəndə Kərim şəhidlərin qisasını almaq məqsədilə gəlib bizə qoşulub, ön cəbhədə vuruşurdu. Bu adam qisas hissi ilə alışıb yanırdı.

Hadrut istiqamətində döyüşərkən ağacın dibində bir erməni gizlənib bizə pusquda durmuşdu. Kərim onu görüb dərhal qumbaranı çəkib, onun üstünə atıb ermənini yerindəcə məhv etdi. Həmin ərazidə gizlənən başqa bir qaçan erməni silahlısını əvvəlcə yaraladı, sonra yaxın məsafədən vuraraq öldürdü. Hər erməni öldürəndə də deyirdi ki, Kamilin qisasını aldım. Bu da filankəsin qısası…

Hadrutu azad etdikdən sonra biz yenidən Füzuli istiqamətində döyüşləri davam etdirməli olduq. Döyüşlər əsasən xarabalıqlar arasında gedirdi. Ermənilər üstümüzə helikopter qaldırdılar. Kərim PK-plemyotunu götürüb helkopterə ardıcıl və sərrast atəş açdı. Kərimin inadı və cəsarəti göstərdiyi fədakarlıq sayəsində erməni helikopteri məcbur olub istiqamətini dəyişdi.

Düşmən uçmuş evlərin arxasında mövqelənmişdi. Kərimlə birlikdə manevr edib irəliləyərək birlikdə düşmənin arxasına keçib düşmənə hücum etdik. Burada da düşmənə gözləmədiyi yerdən ağır zərbələr vurduq. Kərimdə qorxu hissi deyilən bir şey yox idi. Elə qisas,qisas deyirdi. Ölümə qalib gələn, ölümü öldürməyi bacaran, necə deyərlə gözü qanlı bir igid idi Kərim.

Birlikdə sonuncu döyüşümüz Xocavəndi, Qırmızıbazarı keçib Qubadlı istiqamətində gedən döyüşlərdə oldu. Kərimlə birgə, çiyin- çiyinə döyüşürdük. Onun nəyə qadir olduğunun onda lap yaxından şahidi olmuşam. Kərim gerçəkdən əfsanəvi bir qəhrəman idi. Xocəvəndə “720” deyilən bir yüksəklik var idi. Bizə oranı götürmək əmr olunmuşdu. 720-nin sağı və solu yüksəklilər idi. Buradan bütün istiqamətlərə dağ yolları gedirdi. Dağlıq-dərəlik bir ərazi idi. Hər tərəf də yüksəklik idi. Bütün yüksəkliklərdə də düşmən mövqelənmişdi .Biz 16 oktyabrdan orada müşahidə də idik. Bizim müşahidə də olduğumuz yer açıqlıq bir ərazi idi. Dağın ətəyi, şumlanmış əkin yerləri ,düzənlik idi. Düşmən bizim hərəkətimizi bütün tərəflərdən müşahidə edə bilirdi. Bizim müşahidə və kəşfiyyatın gətirdiyi məlumata əsasən dəqiqləşdirmişdik ki, orada düşmənin böyük bir ordusu cəmləşib. Haradasa düşmənin 600 nəfərə yaxın canlı qüvvəsi cəmləşmişdi. Oktyabrın 17- də düşmən snayperlə məni və başqa bir yoldaşımızı yaraladı. Bizi təxliyyə etdilər. Bu mənim Kərimlə son görüşüm oldu. Oktyabrın 21-də mən hospitalda ayılanda Kərimin şəhid olma xəbərini eşitdim. Döyüş yoldaşlarım - Kərimin dastana sığmayan qəhrəmanlığından danışırdılar.

Qəhrəmanların son silahları, onların şərəfli ölümü olur. Kərim son silahından da məharətlə, qəhrəmancasına ,kişi kimi istifadə etməyi bacarır,özünü də 10 –dan çox erməni terrorçusunu da məhv edir."

Rüstəm Məsimov , döyüşçü yoldaşı:"Kərim XTQ-nin tərkibində xitmət etməyə başladığı gündən onu tanıyıram. Cəsur,qəhrəman bir döyüşçü, gözəl dost, gözəl bir insan kimi də daima qəlbimdə yaşayacaq. Biz Kərimlə bir otaqda qalmışıq. Sözümüz, söhbətimiz, dərdimiz, sərimiz bir olub. Kərim kimdir sualına məndən qısaca cavab almaq istəsəniz, tək bir kəlmə ilə belə ifadə edərəm. Kərim əsl insan idi. Onda insana aid bütün gözəl xüsusiyyətlər cəmlənmişdi . Kərim necə hərbiçi idi soruşsanız, dəyərəm ki, hərb sənətini mükəmməl bilən, ürəkli bir kəşfiyatçı, hər şeyin yaxşısını edə bilən və etmək istəyən hərbçi idi. Soruşsanız ,Kərim necə döyüşçü idi. Deyərəm ki, Kərim canavar kimi döyüşçü idi. Cəld, düşmənin gözünün içinə baxmağı sevən ürəklə döyüşən, və lazım gəldiyi məqamda özünü fəda etməyi bacaran döyüşçü idi. Özünü fəda etdi də. Kərimlə onun iştirak etdiyi bütün döyüşlərin iştirakçısı olmuşam. Sonuncu birgə döyüşümüz Xocavənd- Qubadlı istiqamətində oldu. Xocəvənddə “720” deyilən yüksəklik var idi. Bizə o yüksəkliyi götürmək əmr olunmuşdu. Ermənilər yüksək dağ zirvəsində mövqe tutmuşdular. Biz 17 oktyabrda həmin əraziyə yaxınlaşıb müşühidəyə başladıq. Düşmən sayca çox üstün idi. Biz XTQ-nin xüsusi kəşfiyyat bölüyünün mobil qrupu idik. Qrup halında irəliləyib dağətəyi zonada mövqelənmişdik. Burdan bütün istiqamətə yollar gedirdi. Dağlı- dərəli bir ərazi idi. Bizim qrup dağın ətəyində, çılpaq bir ərazidə mövqelnmişdi. Belə deyək ki, müşahidə aparırdıq. Düşmənin burada çox böyük canlı qüvvəsi və texnikası cəmlənmişdi. Hiss edirdik ki, düşmən də bizi hər tərəfdən müşahidə edir. Oktyabrın 17- də ermənilər döyüş yoldaşımızdan ikisini snayperlə vuraraq ağır yaraladılar. Arabir minaatranlardan da atəş açırdılar… Oktyabrın 19- da, axşam saat 6-da düşmən sayımızı, qüvvəmizi dəqiqləşdirib sayca xeyli az olduğumuzu biləndən sonra böyük bir qüvvə ilə üstümüzə hücuma keçdi. Göydən od ələnirdi. Barıt qoxusu, yaralıların səsi adamı dəhşətə gətirirdi. Biz bu döyüşdə ermənilərin böyük bir canlı qüvvəsin məhv edə bildik. Haradasa ərazidə 200-ə yaxın erməni leşi qalmışdı. Bu döyüşdə Kərim qıçından ciddi yara almışdı. Onun qıçını rezinlə bağlayıb səngərdə qalması, təxliyəni gözləməsi, əsas hücum qrupundan çıxarılması əmr olundu. Kərim səngərdə qalmaq istəmirdi, kəskin surətdə etiraz edirdi. Hətta bildirdi ki, əgər, ona döyüşməyə imkan verməsə, özünü öz silahıyla qətlə yetirəcək.

Kərim qisas hissi ilə odlanmışdı. Vəziyyəti Kərimə izah edib onun döyüş qabiliyyətində olmadığını anlatmağa çalışırdıq. Kərim özünü razılaşır kimi göstərdi. Hücumu davam etdirərək bir qədər də irəliləmişdik ki, Kərimin bizə gəlib çatdığının, yaralı aslan kimi döyüşdüyünün şahidi olduq. Kərimdən niyə belə etdiyini soruşduqda «Sizi az qüvvə ilə buraxıb öz canımın hayına qala bilməzdim. Şəhid olacağıqsa, hamımız birlikdə Şəhid olacağıq»- dedi. Ermənilər bizi irəli buraxıb, daha böyük qüvvə ilə bizi mühasirəyə salmağa çalışırlardılar.Kərim həm qolundan, həm digər qıçından da yaralanmışdı. Biz geriyə hərəkət etməyə çalışırdıq. Bu, qorxub geri çəkilmək deyildi. Məqsəd erməniləri ardımızca düzənlik, şumluq olan əraziyə çıxarmaq idi. Kərim yaralı olduğu üçün, həm də bir qədər bizdən kənarda mövqeləndiyi üçün onu özümüzlə götürməyə imkan yox idi. Eyni zamanda Kərim bütün hərəkətləri ilə düşməni öz üzərinə çəkməyə çalışırdı ki, biz ərazidən uzaqlaşa bilək. Bu arada Kərimin yaxın dostu, silah qardaşı Elyar Vəliyev geri dönüb Kərimi də özü ilə çıxarmaq istədi. Amma düşmən qumbaratanının mərmisi onun yanına düşüdü, Elyar Kərimə çata bilmədən şəhid oldu. Hiss olunurdu ki, Kərimin döyüş sursatı tükənir və o aram-aram atəş açırdı. Tam sakitlik olduqdan sonra 10-dan artıq erməni Kərimi əsr götürmək niyyəti ilə ona yaxınlaşmışdılar ki, Kərim qumbaranı partladaraq həm onları oldürdü, həm də özü şəhid oldu… Bu döyüşdə Kərimlə birlikdə bizim cəngavər döyüşçülərimiz, Elyar Vəliyev, Sübhan Cəbrayılov, Şəhriyar Quliyev, Tarzan Həşimov, Elton Qənbərli, Simair Qaflanov, Beyrək Fərzəliyev kimi qəhrəmancasına şəhd oldular. İki gündən sonra biz daha böyük qüvvə ilə əks-hücuma keçib həmin ərazini düşməndən azad etdik. Düşmən iki gün öncə şəhid olub, nəşləri səngərdə qalmış qardaşlarımızın üstünü yerini bilməyək deyə torpaqla örtmüşdü. Mən Vətən uğrunda canlarını fəda etmiş qəhrəman döyüşçülərin nəşinin yerini dəqiq bildiyim üçün öz əllərimlə torpağı qazıb nəşlərini götürə bildim.

Onların Şəhid olmları,Vətən üçün, XTQ üçün,bütövlükdə Azərbaycan Ordusu Azərbaycan xalqı üçün çox ağır bir itki oldu.Torpağı vətən edən qəhramanlarımızın əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaq.Nur içində rahat yatın,dəyərli Vətən oğulları."

Rüstəm Əliyev , qardaşı:"Mən yaşca Kərimdən böyüyəm. Bu «Yaşca böyük» sözünü də təsadüfən demədim. Amma əməlcə, məsləkcə böyük Kərimdir. Kərim Allahın yanında bərqərar olan, vətənin üzünü ağardan, tarix yazan qəhrəmanlarımızdandır. Kərimlər vətənin bütövlüyü üçün canlarını ortalığa qoymağı bacaran təmannasız insanlardır. Məncə bu insanlardan böyük kim isə ola bilməz. Bu ürəyi, əməli böyük insanların hesabına torpaq vətən olub bizə yadigar qalıb. Gərək biz də vətəni elə qoruyub gələcək nəsillərə bütöv ötürə bilək ki, bizdən sonra gələnlər babaların əmanətinə xəyanət etmədiyimizi üçün, vətəni qoruya bildiyimiz üçün bizə ürəklə kişi dədələrimiz, babalarımız deyə bilsinlər.

Hərdən düşünürəm, mən böyük idim. Kaş ki mən şəhid olardım. Amma Allahın işinə əl aparmaq, qarışmaq heç doğru olmaz. Mən də əsgərəm, mən də Vətən Müharibəsi iştirakçısıyam, başqa qoşun növündə ön cəbhədə döyüşçü olmuşam və bu gündə xidmət edirəm. Amma şəhidlik zirvəsinə Kərim ucaldı. Allah Kərimi öz yanında görmək istədi, cənnətlə müjdələdi. Gör Allaha nə qədər əziz, yaxın,gözəl əməl sahibimiş ki, mənim qardaşım, Allah şəhidliyi ona verdi…

Mən qardaşımla qürur duyuram…fəxr edirəm. Kərim sağlığında mənə qardaş olaraq başqa bir həzz yaşatmışdı, indi də vətəndən,döyüş yoldaşından, dostundan ötrü ölmək kimi qəhəmanlığı əyani göstərən bir insanın ,bir Qəhrəmanın qardaşı olmaq qürurunu yaşadır. Böyüklük budur. Ucalıq budur. Ölməzlik budur. Ruhuna salam olsun, mənim Qəhraman qardaşım."

Şəhidin həyat və döyüş yolu ilə bağlı video:

https://www.youtube.com/watch?v=M_PZtn2RysI

Keçidlər